NHMT - 2019-cu ildə hasilat sənayesində fəaliyyət göstərən şirkətlərdə Əmək qanunvericiliyinin icra vəziyyəti üzrə müstəqil Monitorinq hesabatı

2019-cu ildə hasilat sənayesində fəaliyyət göstərən şirkətlərdə Əmək qanunvericiliyinin icra vəziyyəti üzrə müstəqil Monitorinq hesabatı

2019-cu ildə hasilat sənayesində fəaliyyət göstərən şirkətlərdə Əmək qanunvericiliyinin icra vəziyyəti üzrə müstəqil Monitorinq hesabatı

 

Mündəricat

 

1. Giriş

2. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

3. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları

4. Gender (qadın və kişilərin) bərabərliyinin təminatı haqqında Azərbaycan Respublikasının qanunu

5. Sosial hüquqlar

5.1. Nazirlər Kabinetinin 25.01.14 tarixli qərarının 6-cı bəndinin pozulması

5.2. İçməli və texniki su ilə təminat

5.3. Mənzillə təminat

5.4. Nəqliyyatla təminat

5.5. Vəzifədən sui istifadə

6. Vətəndaşların müraciətləri haqqında AR qanunu

7. Müsbət məqamlar

8. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin pozulma səbəbləri

 

Bakı yanvar 2020

 

1. Giriş

 

Bu hesabat: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri əsasında hazırlamışdır. Bəzi rəsmi rəqəmlər SOCAR və BP saytında yerləşdirilən “Davamlı İnkişaf” üzrə 2018-ci ilin hesabatlarından (2019-ci il üzrə hesabata hələlik yerləşdirilməyib) götürülüb. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi. Monitorinqlər daimi xarakter daşıyır. Monitorinqlər nəticəsində ölkənin neft sektorunda işçi hüquqlarının vəziyyətini qismən qiymətləndirmək mümkün olmuşdur. Hesabat 2019-ci ili əhatə edir Monitorinqlər mütamadi xarakter daşıyır. Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin yaranma səbəbləri və həlli üçün rəylər də verilmişdir. Monitorinq vaxtı işəgötürənlər tərəfindən aşağıdakı qanun pozuntuları müşahidə olunmuşdur:

 

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin

 

Maddə 9. (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları) və  Maddə 10. (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri) pozulması

 

Müşahidə olunub: Azneft İB,strukturuna daxil olan Neft Daşları NQÇİ. Vəzifə təlimatna uyğun olaraq idarənin sahə rəislərinin Word, Excell, Outlook, SOCAR-da tədbiq olunmuş SAP (hasilata,təchizata,əmək haqqına və s. nəzarət etmək üçündür) proqramını sərbəst bilməsi tələb olunur. Bu bilgiyə malik olmayan mütəxəsis və rəhbər işçilər həmin vəzifəyə təyin oluna bilməz Lakin vəzifəyə təyin olunan bəzi sahə rəisləri bu proqramı bilmədiyindən özlərinə “katib” götürürlər. Bu vəzifə ştat cədvəlində nəzərdə tutulmadığından, “katib”lə bağlanan Əmək müqaviləsində onun iş yeri fəhlə, operator və s. göstərilsə də, faktiki olaraq “katib” vəzifəsini yerinə yetirirlər Yəni işçi öz əmək müqaviləsində qeyd olunan işi yox, rəisin "katibi" funksiyasını yerinə yetirir. Bu halda"katib" onunla bağlanmış əmək müqaviləsində qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirmir və öz iş yoldaşının hüququnu pozur. Bir işçi həm "katibin" işini, həm də öz vəzifəsini icra etməli olur və bunun üçün əlavə ödəniş olunmur.

 

Maddə 16 (diskriminasiyaya yol verilməsi)

Müşahidə olunub: SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə. Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var. Yerli işçilərə qarşı diskrinimasiya neft layihələrində iştirak edən bəzi xarici şirkətlərdə də müşahidə olunur. 

 

Maddə 21. 3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

Müşahidə olunub: SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə. İdarələrin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” partiyasının özəyi var.

 

Maddə 45.4 (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır)

 

Müşahidə olunub: SOCAR və onun tərkibinə daxil olan əksər idarə və müəssisələrdə, eyni zamanda bu sahədə fəaliyyət göstərən SOCAR tərəfdaşları “Qarasu” ƏŞ, “Salyan Oyl”, SOCAR AQŞ, AZFEN, BOSSHELF və s. əksər xarici neft şirkətlərində işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Müqavilələr çox hallarda işçinin iradəsinin əleyhinə və ya təzyiqlər yolu ilə həyata keçirilir, bu da işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər il yüzlərlə insan öz iş yerini itirir.[1]. İşçinin müqavilə müddətinin qurtarması ilə işçinin tutduğu vəzifəsindən azad edilməsi onu işsizlikdən sığorta  haqqından da məhrum edir[2].

 

Maddə 69. 7. (İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır).
 

Müşahidə olunub: SOCAR strukturuna daxil olan idarə və  müəssisələrdə ölkə qanunvericiliyinə zidd olaraq işçilərlə bağladığı Əmək Müqaviləsinə yeni "Əlavə" edib. Həmin əlavəyə görə təqaüd yaşına çatmış işçilər özləri ərizə yazıb işdən azad olunmalıdır. Bu isə ölkə qanunvericiliyinə ziddir[3]. İşəgötürənlər işçiləri həmin “Əlavəyə”məcburi qol çəkdiriblər. Həmin "Əlavəyə" qol çəkməyən işçilər təhdid (işdən azad etmə, yaxud əmək haqqının verilməyəcəyi) olunur.[4]

Qeyd: SOCAR vəzifəli şəxsi isə (əsasən qohumlar) təqaüd yaşı çatanda daha yüksək vəzifəli şəxsə müşavir təyin olunur. Başqa işçilər isə məcburi ərizə yazdırılaraq təqaüdə göndərilir.[5]

 

Maddə 209. (işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi)

 

Müşahidə olunub: SOCAR strukturuna daxil olan Nərimanov adına NQÇİAbşeronneft NQÇİ, Neft Daşları NQÇİ- də. Belə ki:

 

- İşçilərə 2 ayda bir dəfə şəkildə gördüyünüz keyfiyyətsiz sabun və əlcək verilir[6].(bax: şəkil) Əlcək keyfiyyətsiz olduğu üçün tez sıradan çıxır və işçilər məcbur olub özləri əlcək alır


- Xüsusi geyimlər ən yaxşı halda ildə bir dəfə verilir. Keyfiyyətsiz olduğu üçün tez sıradan çıxır.


- İşçi avadanlıqları ümumiyyətlə verilmir. İşçilər özləri almağa məcburdur.

 

- İş zamanı istifadə olunan göz eynəkləri ildə bir dəfə verilir. Eynək keyfiyyətsiz, olduğu üçün istifadə etmək çətindir. Gözdə ağrı əmələ gətirir.

 

Qeyd: 2018-ci ildə SOCAR-ın müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 15 831 060 (on beş milyon 831 060) manat vəsait xərclənmişdir Hesabat ilində SOCAR üzrə işçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmasına 5 690 325 (beş milyon 690 325) manat vəsait xərclənmişdir.[7]

 

Maddə 97, 98, 99, 159, 164, 165- və. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərar (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

Müşahidə olunub: - “Qlobol İnteriors Group” MMC tərəfindən Yeganə Mirxasavanın 1 ilə yaxındır ki, əmək müqaviləsinin ləğv edilməsinə baxmayaraq, və bu barədə məhkəmə qətnaməsi olsa da son haqq hesab və məzuniyyət pulu ödənilmir

 

- “Schlumberger Overseas SA” və “Schlumberger logelco İnc” şirkətində. Belə ki, bu şirkətlərdə çalışan 25 nəfər neftçinin məhkəmə prosesi uzun müddətdir ki, davam edir.

 

- SOCAR-n Geofizika və Geologiya İdarəsinin 150 nəfər işçisi adından əmək hüquqlarının pozulması ilə əlaqədar olan şikayət daha çox kütləvi xarakter daşıyır. İşçilərə qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinin tələbləri gobud surətdə pozulmuşdur, normadan artıq işə görə əmək haqqın ikiqat məbləğdə ödənilməmişdir.

 

Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir Maddə 178. 1. (İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.)

 

Müşahidə olunmuşdur:  Oktyabr -dekabr aylarında SOCAR Azəriqaz strukturuna daxil olan bəzi qurumların (Təmir Tikinti idarəsi Bakı Regional Qaz İstisamar Sahəsi və s.) işçilərinin əmək haqları növbəti ayların sonunda verilib. Kanadanın Zenith Aran Oil Company daimi işçilərin əmək haqqını mütamadi olaraq geçikdirir. İşdən qovulacaqlarından qorxan işçilər müvafiq qurumlara şikayət etməkdən qorxurlar.[8]  

 

Maddə 211. (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)

 

Müşahidə olunmuşdur: SOCAR bəzi  idarə və müəssisələrində (Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft Emalı zavodunda və s.). Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur. Belə ki,işçilər yalnız südlə təmin olunsalar da bu daimi xarakter daşımır.

 

Maddə 215 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənin vəzifələri), Maddə 207,  218, 219, 220, 222, 223, 239-cu maddələri (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi, İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi, Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) və “İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun”, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması

 

Qanunvericiliyin pozulması nəticəsind 2019-cu ərzində: Azərbaycanın neft sahəsində 6 nəfər vəfat etmiş, 57 nəfər əmək xəsarəti almşdır. Qeyd olunan faktları aşağıdakı cədvəl də təsdiq edir. Eyni zamanda, Hesabatda qeyd olunan məlumatlar, faktiki olaraq istehsalatda baş verən bədbəxt hadisələrdən azdır, belə ki, bir çoz hallarda işəgötürənlər və ya işçilər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar və ya gizlədirlər.

 

Müşahidə olunub

Sıra №-si

Müəssisənin adı

Bədbəxt hadisənin baş verdiyi tarix

Zərərçəkənin soyadı, adı, atasının adı

Bədbəxt hadisənin nəticəsi

1

“Ekol Mühəndislik Xidmətləri” QSC

20.10.2018

Mustafayev Adəm Alxan oğlu

ölüm

2

Suraxanı Oyl Opereyşn Compani S.A. Şirkətinin AR Nümayəndəliyi

02.12.2018

Əhmədov Qurbanəli Səmayıl oğlu

Xəsarət

3

SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodu

12.12.2018

Məhərrəmov Arif Nəriman oğlu

Xəsarət

4

SOCAR “Azərkimya” İB-nin Etilen-Polietilen zavodu

13.12.2018

İsmayılova Şəkurə Əliş qızı

Xəsarət

5

SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodu

05.01.2019

Abbasəliyev Vüqar Sənan oğlu

Xəsarət

6

SOCAR Təhlükəsizlik İdarəsi

05.01.2019

İbrahimov Fərid Mahir oğlu

Xəsarət

7

SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamenti

07.01.2019

Talıbov Ənvər Mirzəcan oğlu

Xəsarət

8

SOCAR –ın “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma Bölümü

11.01.2019

Balayev Rüfət Məmməd oğlu

Xəsarət

9

“Karasu Operating Company”şirkıtinin  Azərbaycan Respublikasındakı filial

12.02.2019

Kərimov Zaur Kərim oğlu

Xəsarət

10

SOCAR-ın “Azəriqaz”İB –nin Sumqayıt Qaz İstismarı Sahəsi

15.01.2019

Bayramov Anar Qərib oğlu

Xəsarət

11

Azəriqaz İB-nin Təmir-Tikinti İdarəsi

16.01.2019

Sədiyev Vadim Rafail oğlu

Xəsarət

12

“Shirvan Operating Company Limited”şirkətinin Azərbaycan Respublikasındakı filialı

21.01.2019

Sadıqov Elşad Nurağa oğlu

Xəsarət

13

SOCAR-ın  Azneft İB-nin “28 May”NQÇİ

15.02.2019

Hüseynov Ağazaman Əliqardaş

Ölüm

14

SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamenti

07.03.2019

Mirzəyev Sabir Yusif oğlu

Xəsarət

15

SOCAR-ın Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti

14.03.2019

Mammedov Mübariz Ağa oğlu

Ölüm

16

“Binəqədi OYL Kompani”Şirətinin AR-kı filial

20.04.2019

Cabbarov  Rəşad Nurrədin

oğlu

Xəsarət

17

“Binəqədi OYL Kompani”Şirətinin AR-kı filialı

05.04.2019

Əsgərova Dilbər  Talıb qızı

Xəsarət

 18

“Turan Drilling &  Engineering Company”MMC

02.05.2019

Mustafazadə Mustafa Xaləddin oğlu

Xəsarət

19

SOCAR-ın  Azneft İB-nin “28 May”NQÇİ

18.06.2019

Dünyamalıyev Abbasəli Murtuza oğlu

Xəsarət

20

SOCAR “Siyəzənneft”NQÇİ

19.06.2019

Nağıyev Mansur Ağakərim oğlu

Xəsarət

21

“Saipem Contracting Netherlands BV’şirkətinin Azərbaycan Respublikasindakı filialı (hadisə Borudüzən gəmidə baş verən yanğın nəticəsində baş verib)

08.05.2019

Mehdiyev İxtiyar Ağabəy oğlu

Süleyman Emin Fayaz oğlu

Səlimli Rasim Əyyub oğlu

Majikic Mirko

Howkins Joseph

Banawich Lewis Joseph

Eves Paul Arthur

Atek Bin Drus

Moses Anak Bekeni

Emanuele DI Giacomo

Daniel Boz

Robert Radu

Alexander Lembang Anak 

George Anak Lembang

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Xəsarət

Ölüm

22

“Karasu Operating Company”şirkıtinin  Azərbaycan Respublikasındakı filialı

24.06.2019

Məmmədov Asəf Əlihüseyn oğlu

Ölüm

23

SOCAR-ın  Azneft İB-nin “28 May”NQÇİ

15.07.2019

Vəlixanov Seymur Əlihüseyin

oğlu

Ölüm

24

SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodu

02.08.2019

Səfərov Elşən Yavər oğlu

Xəsarət

25

SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti

30.05.2019

Babaşov Aydın Babaş oğlu

Xəsarət

 

 

26

“Ekol Mühəndislik Xidmətləri”QSC

(Yol qəzası)

29.07.2019

Əlkbərov İmran Telman oğlu

Əmirov Mədəd Sabur oğlu

Siracov Ağamahmud İlyas oğlu

Mustafayev Toğrul Mustafa oğlu

Hüseynov Zöhrab Şeydabəy oğlu

Səlimov Elxan Nurəddin oğlu

Məmmədov Ağasəf Telman oğlu

Paşayev Roman Saleh oğlu

Həsənov İlham Çırax oğlu

Kərimov Vidadi  Elton oğlu

 

Xəsarət

 _”_

 

 

27

(SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamenti

29.07.2019

Səlimov Məzahir Səlim oğlu

Xəsarət

27

SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodu

03.10.2019

Əliyev Elnur Aydın oğlu

Xəsarət

28

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

27.10.2019

Mammədov Fərrux Söhbət oğlu

Xəsarət

29

SOCAR –ın “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma Bölümü

03.11.2019

Şirinov Zakir Nəsir oğlu

Xəsarət

30

SOCAR-ın Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti

01.11.2019

Orucov Səxavət Fərhad oğlu

Xəsarət

31

SOCAR –ın “Neftqaztikinti” Trestinin İxtisaslaşdirilmış Təmir Tikinti Bölümü

29.11.2019

Əliyev Eldar Əli oğlu

Xəsarət

32.

SOCAR Geofizika və Geologiya idarəsi

29.10.2019

Məmmədov Habil ülməmməd oğlu

Vəliyev Azər Vaqif oğlu

Paşayev Bəhruz Rafiq oğlu

Ölüm

Xəsarət

Xəsarət


- 15.07.2019-cu il tarixində SOCAR Günəşli yatağı ərazisində yerləşən (28 May NQÇİ) 14 saylı Dərin Dəniz Özülündəki (DDÖ) 261 saylı quyuya kimyəvi məhlul vurarkən (kimyəvi məhlulun tərkibində sulfat turşusu var), insan sağlamlığı üçün təhlükəli məhlul quyuların kimyəvi operatoru Vəlixanov Seymurun üzünə tökülmüşdür. Nəticədə Seymur həlak olmuşdur. Hadisədən sonra SOCAR tərəfindən verilən ilkin məlumatda, iş vaxtı Seymurun üzünə kimyəvi məhlul sıçradığı və o hamamda əl üzünü yuyarkən yıxılıb beyinə qan sızması nəticəsində öldüyünü, bir müddətdən sonra iş yoldaşları tərəfindən tapıldığını qeyd etmişdir. Verilən məlumat isə həqiqəti əks etdirmir. 17.07.2019-cu il tarixində saat 16.00-da Azneft İB-də Baş mühəndisi Rövşən Qarayevin sədrliyi ilə iclas keçirildi, idarələrə tapşırıldı ki,qabaqlayıcı tədbirlər görülsün. Hadisə ilə bağlı kimsə cəzalandırılmadı

 

- May ayının 8-də Şahdəniz 2 Layihəsinin Boru cekilisini yerine yetiren İsrafil Huseynov gəmisində partlayiş nəticəsində 14 nəfər ağır xəsarət alıb, 1 nəfər həlak olub. Həlak olan xarici ölkə vətəndaşıdır, Gəmi Şahdəniz 2 layihəsində podratçı qismində iştirak edən Saipem şirkətində icarədədir. Hadisə boru düzmə əməliyyatında podratçı tərəfindən öz texnologiyalarına uyğun tətbiq edilən boru birləşmələrini izolyasiya etmək üçün gəmiyə gətirilmiş avadanlıqda baş verib.

 

- 29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.[9] Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılmışdır .

 

Qeyd: Təhlükəsizlik qaydaları pozulub! Seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni aparan qayıqda yalnız qayığı idarə edən heyət olmalıdır. İşçilər başqa qayıqla göndərilməli idi

 

3. İşəgötürənlər tərəfindən Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması:

 

 3.1Birləşmək haqqında 98 saylı Konvensiyası

 

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, özəl şirkətlərin çoxunda o cümlədən də Azəri–Çıraq–Günəşli (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə operataor təşkilat olan BP Azərbaycan şirkəti və onun tərəfdaşlarının əksəriyyətində Həmkarlar Təşkilatı fəaliyyət göstərmir. Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

 

- İşəgötürənlər şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar

 

- İşçilər mövcud Həmkarlar Təşkilatlarına etibar etmir.

 

3.2. Əmək və Məşğulluq sahəsindəki Konvensiyası

 

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var) həm də yüksək vəzifələrdə (rəhbər səviyyəsində) yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir. Xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin vergidən yayınması halları da baş verir. Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün “şərait” də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay (90 gün) müddətinə bağlanır. Müqavilənin müddəti bitdikdən sonra, ölkəyə çıxış-giriş edildikdən və yenidən həmin müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır.

 

4. Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında Azərbaycan Respublikasının qanunu

 

Maddə 7.2.1. (işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.

 

Müşahidələr göstərir ki, SOCAR-da çalışan qadınların sayı əvvəlki illərlə müqayisədə azalmış, kişilərin sayı isə artmışdır. SOCAR üzrə 2018-ci ildə Ali idarəetmə orqanında çalışan 14 nəfərdən 13-ü kişi, bir nəfər isə qadındır. BP-də isə 14 yüksək vəzifəli şəxsdən ikisi qadındır (biri azərbaycan vətəndaşıdır).

 

SOCAR işçilərin sayının dinamikası

 

2016

2017

2018

 Qadın

8532

8421

8505

 Kişi 

42203

42003

42620

 Cəmi

50735

50424

51125

 

SOCAR   2018 –ci ildə işçilərin kateqoriya və cins qruplarına bölünməklə sayı.  

 

 

qadın

kişi

Rəhbər işçilər

525

5469

Mütəxəsislər

2935

6080

Texniki icraçılar

633

233

Fəhlələr

4412  

30849

 

BP Azərbaycan şirkəti üzrə

 

Yüksək vəzifədə işləyən yerli əməkdaşlar - 330 nəfər

Kişi - 292 nəfər

Qadın - 38

 

Orta vəzifədə işləyən yerli əməkdaşlar - 546 nəfər

Kişi - 408 nəfər

Qadın - 138 nəfər

 

İxtisaslı daimi əcnəbi əməkdaşları - 256 nəfər

Qadın - 19 nəfər

Yüksək vəzifəli qadın əməkdaşları - 14 nəfər

Orta vəzifəli qadın əməkdaşları - 4 nəfər

 

Yüksək vəzifəli - 256

Qadın əməkdaşları - 14 nəfər

Orta vəzifəli qadın əməkdaşları - 4 nəfər

 

5. İşçilərin sosial hüquqları:

 

5.1. Nazirlər Kabinetinin 25.01.14 saylı qərarının 6-cı bəndinin pozulması(dəniz bloklarında çalışan işçilərə ezamiyyə əvəzi olan 15 man. məbləğində vəsaitin ödənilməsi)

SOCAR Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları” haqqında qanunun 6-cı maddəsini[10] pozaraq işçiyə ayrılmış və onun özünə verilməli olan vəsaiti Xəzəriaşə[11] -nin hesabına köçürür. Bunun müqabilində göstərilən xidmət olduqca aşağı səviyyədədir.

 

Müşahidə olunub: SOCAR Azneft İB-nin tərkibinə daxil olan 28 May, N.Nərimanov adına və Neft Daşları NQÇİ-nin dəniz özül və platformalarında. İşçilər dəfələrlə antisanitariyadan, yeməklərin keyfiyyətindən şikayət etsələr də, rəhbərlik tərəfindən heç bir tədbir görülməmiş, əksinə işçilərə hədə qorxu gəlinmişdir. Köhnə özüllərdə  iaşə xidməti üçün heç bir şərait yoxdur, Yeməkxana üçün iki ədəd 7 metrlik dəmir vaqon qoyulub. Birində həm ərzaq saxlanılır, həm yemək hazırlanır, həm də qablar yuyulur. İkinci dəmir vaqon isə yeməkxana kimi istifadə olunur. Xidmətin 3-4 nəfər işçisi özüldə çalışan 90 nəfəri işçini yeməklə təmin edə bilmir. Bu vəziyyət əksər köhnə dəniz özüllərində müşahidə olunur. Problemlə əlaqədar mətbuatın Azərbaycan Neft və Qaz Sənayesi işlərinin Həmkarlar Təşkilatları İttifaqının Respublika Komitəsinə verdiyi sorğuya Komitə sədri Cahangir Əliyev “Mənim ofisim şəhərdədir, mən hər gün gedib baxmıram ki, fəhlələr orda nə yeyir. Ona görə də, konkret bir şey deyə bilmirəm. Mən gündə gedib onların yeməyini yoxlayanam ki” cavabını vermişdir[12] Şəkildəki qabdakı işçilərə səhər yeməyi zamanı təklif olunan yağdır (22 iyun 2019, SOCAR, Kompleks Qazma İşləri Tresti, 122–ci blok) Yağın üstündəki isə milçəkdir.

 

Qeyd: Ölkəmizdə reallaşdırılan neft layihələrində iştirak edən xarici neft şirkətləri işçilərinə iaşə xidməti göstərmək üçün Catering şirkətləri tender yolu ilə seçir. Və öz işçilərini (dənizdə və quruda) pulsuz yeməklə təmin edir.

 

 

5.2. İçməli və texniki su ilə təminat

 

- 28 May, Neft Daşları NQÇİ-nin bəzi yataqxanalarındakı otaqlarada olan hamamxanalara (hər otağa aid hamamxana var) isti su elektrik qızdırıcılarında (Ariston qurğusunda) qızdırılaraq verilir. İşçilər tərəfindən verilən məlumata görə həmin su qızdırıcıların əksəriyyəti tez tez sıradan çıxır. Qızdırıcıların sıradan çıxma səbəbi yataqxanalara verilən texniki suyun Əks OSMOS qurğusunda[13]təmizlənmiş dəniz suyu olması və təmizlənmənin düzgün aparılmamasıdır.

 

İşçilər üçün içməli su gəmi vasitəsilə gətirilir və çənlərdə saxlanılır. İçməli su kimi işçilərə verilən suyun tərkibi vaxtaşırı yoxlanılmır. Şəkildəki Neft Daşları NQÇİ-nin işçilərinə verilən içməli sudur. (8 aprel 2019) Lakin bu suyun tərkibini yoxlatma imkanımız məhduddur. İşçilər düşünür ki, onlara verilən içməli su, Əks-Osmos qurğusu vasitəsilə təmizlənmiş dəniz suyu ilə qarışdırılır[14].

   

 

5.3. Mənzillə təminat

 

Dövlət Neft Şirkəti öz işçiləri üçün kooperativ  binalar tikib, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərlə mənzillə təmin edilsin. Lakin təşkilatımıza daxil olan şikayət ərizələrini araşdırarkən məlum olub ki: neftçilər aldadılıblar

 

Yəni mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin ödəniləcək sahəsinə, eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə edib. Məs: mənzillərə Neftçi MTK-tərəfindən verilən sənəddə sahəsi 100 kv-m kimi göstərilən mənzil özəlləşdirilərkən ƏMDK-nin təqdim etdiyi sənəddə məlum olur ki, həmin mənzil 75 kv-metrdir (25 m2. fərq Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə 20-25 kv.m. fərq var. Bu isə Əmlak Məsələri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mütəxəssisləri tərəfindən mənzillər ölçülən zaman məlum olub) və həmin qurum tərəfindən verilən çıxarışda(kupçada) göstərilib

Qeyri yaşayış sahəsinə görə neftçidən ödəniş tələbi isə ölkənin Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə ziddir

 

5.4. Nəqliyyatla təminat

 

Dəniz obyektlərində çalışan işçilərin nəqliyyatla təmin olunması qeyri-kafi vəziyyətdədir. SOCAR strukturuna daxil olan Neft Daşlarında təqribən 5000-dək işçi (neftçıxarma, qazma, tikinti və s.) çalışır. Neft Daşları NQÇİ Bakının 110 km-də yerləşir və quru ilə heç bir əlaqəsi yoxdur. İşçiləri Bakı limanından Neft Daşlarına və geri  aparıb gətirən General Əsədov gəmisi 1983-cü ildə Finlandiyada inşa lunub və çay nəqliyatı üçün nəzərdə tutulub. Dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, busəbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Daşınma qabiliyyəti 580 nəfərdir. Ancaq çox köhnə olduğu üçün gəmiyə 450 nəfər buraxılır.[15] Hər dəfə növbə dəyişiləndə isə 850-1000 işçi qeydiyyatdan keçir. Ancaq 450 nəfər də bu gəmi üçün çox böyük yükdür. Gəmiyə minməyə yer olmayanda və işə çatmayanda, işçi günahkar sayılır və cəzalandırılır. Bəzən ayaq altında qalıb əzilən də olur.Rəhbər işçilər və xüsusi səlahiyyət sahibləri Neft Daşlarına helikopterlə yola salınır.

 

Qeyd: BP Azərbaycan şirkəti öz işçilərini dəniz platformasına Müslüm Maqomayev gəmisi ilə yola salır və təhlükəsizliyin təmini üçün helikopter xidmətindən imtina edib. Gəmi təzədir və işçilər xidmətdən razıdırlar.

Problemlərdən biri də sahildən gələn işçilərin yataqxanaya çatdırılmasıdır. Hər dəfə növbə dəyişiləndə sahildən gələn işçilərin sayı minimum100, maksimum 460 nəfər olur və bu qədər də işdən sahilə qayıdır, İşçiləri qarşılayan və yola salan avtobusun tutumu isə 22 nəfərdir. Bunu da nəzərə alaq ki, işçilər sahildən gələrkən özləri ilə ərzaq və digər vacib əşyalar, geyim və s. gətirir, çantanın çəkisi 10-20kq olur, Tutum az olduğu üçün avtobusa buraxılmayan işçilər ağır çantaları ilə yük körpüsündən yataqxanaya(məsafə təqribən 1 km) piyada getməlı olur.

 

- Gəmi ilə özülə, yaxud sahilə gedən işçilər üçün gözləmə zalı yoxdur. İşçilər küləkli, yağışlı, yaxud qızmar havada bu açıq meydançada gəmi gözləməyə məcburdurlar. Gözləmə isə bir-iki saat da çəkə bilər. Helikopterlə sahilə qayıdan vəzifə sahibləri, onların yaxınları üçün isə gözləmə zalı var.

 

5.5. Vəzifədən sui istifadə

 

- SOCAR Azneft İB-nin Neft Daşları NQÇİ-də işləyən təxminən 104 nəfər yüksək vəsifəli şəxslərin(idarə rəisləri, müavinlər, baş mühəndis mədən müdirləri, şöbə rəisləri və s.) iş növbəsini dəyişmək yaxud istehsalat zərurəti ilə əlaqədar istifadəsi üçün əlavə çağrılan helikopter ay ərzində Pirallahı-Neft Daşları-Pirallah istiqaməti ilə minimum 20-25 reys edir Bəzən helikopter 2-3 nəfər üçün də istifadə olunur. Hər reysin saatının qiyməti isə ən azı 8000 (səkkiz min )man. başa gəlir. Və ay ərzində bu təxminən 240 000(iki yüz qırx min) man. il ərzində isə 2 400 00(2 milyon dörd yüz min) man. edir. Dəniz şəraitində işləyənlərə gediş-gəliş üçün itirdiyi vaxta görə əlavə ödəniş olunur. Məs:Neft Daşlarindan sahilə gəmi ilə 6 saat, vertalyotla 40 deqıqə vaxt sərfi olur. Yəni əgər işçi 7/8 günlük iş qrafiki ilə işləyirsə bu halda onun yola sərf etdiyi 22 saata görə (hər saata görə 6.36 azn) 140 Azn, 15/16 günlük iş qrafiki ilə işləyirsə yola sərf etdiyi 12 saata göre 70 Azn əlavə ödəniş alır. Gəmi ilə gediş gəlişə görə əlavə yemək pulu da ödənilir. Vertalyotla gedənlərin itirdiyi vaxt az olduğu üçün ödəniş də təbii ki,azdır(təxminən 30-40 man). Qeyd etdiklərim olduqca müsbət faktorlardır.Lakin bundan sui-istifadə edənlər də var,və bunu korrupsiya halı kimi qeyd etmək olar. Belə ki, Neft Daşları NQÇİ-nin vəzifəli şəxsləri(şöbə, sex rəisləri, onların müavinləri və s.) işə vertalyotla gedib gəlsə də, əksərinə işə gedən zaman itirdikləri vaxta görə ödəniş gəmi saatı ilə ödənilir. Faktın təsdiqi isə çox asandır. İşçilər işə gedən zaman qeydiyyatdan keçirlər(həm limanda, həm də ki, helikopter meydançasında)

 

6. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu[16], Azərbaycan respublikasının Konstitutsiyası[17]

 

SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələrdə mövcud problemlər şirkətin sahə üzrə məsulları tərəfindən həllini tapmadıği halda ölkə başçısına, yaxud başqa yuxarı instansiyalara kollektiv yaxud fərdi qaydada  ərizə ilə müraciətlər edən, yaxud həmin problemi sosial şəbəkələrdə qaldıran şəxslərin fikirlərinə münasibət bildirən işçilər çalışdıqları idarənin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. Bəzən həmin işçilər müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad olunur.

 

Maddə 309[18] Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət edən orqan Həmkarlar Təşkilatlarıdır. Ölkədə mövcud olan Həmkarlar İttifaqı Təşkilatları isə müstəqil deyil. İşəgötürənin qeyri rəsmi strukturuna çevrilib. Bəzi xarici şirkətlər istisna olmaqla demək olar ki, bütün müəssisələrdə Həmkarlar ittifaqları mövcuddur və iradəsindən asılı olmayaraq bütün işçilər Həmkarlar İttifaqlarının üzvü hesab olunur. Və onların aylıq əmək haqqından 1-2% üzvülük haqqı tutulur. Bir çox hallarda Həmkarlar Təşkilatlarının işəgötürənlə bərabər qəbul etdiyi əmr-qərarlar, Kollektiv müqaviləyə daxil olunmuş bəndlər işçinin ziyanına olur. Məs:

 

- ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir və hələ də qüvvədədir.[19]

 

- SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 06.12.2018 tarixli əmr-qərarın 3-cü bəndinə edilən dəyişiklik. Həmin dəyişiklik Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları” haqqında 25.01.2008 tarixli, 14 saylı qərarının 6-cı bəndinə ziddir[20]. Bu isə işçilərin haqlı narazılığına səbəb olub. İşçilər Əmr-Qərarla razı olmayan 140 nəfər işçi ölkə başçısına şikayət etdi. Nəticədə şikayət edənlərə işəgötürən tərəfindən təzyiqlər olundu.

 

- 25.02.19 tarixli, 47 saylı əmr-qərar. Həmin əmr-qərarda deyilir ki, Azneft strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1 və 2-ci mədən, 51, 23, 10, 86, 59, 20 saylı dəniz özüllərində 7/8 gün qrafiki ilə işləyən işçilər 15/16 günlük iş qrafikinə keçirilsin. Əsas isə işçilərin ayda 4 dəfə dəyişilməsinin əlavə xərc, çətinliklər yaratmasıdır. Ağır iş şəraitində(bax.şəkil) şəraitdə 15 gün işləməyin mümkünsüz olduğunu və bu əmr qərarın ləğv olunmasını tələb edən işçilər işəgötürən tərəfindən təzyiqlərə məruz qaldı.

 

ARƏM maddə 15[21] Prezident sərəncamını[22] əsas götürərək Əmək müfəttişliyi işçilər onlara rəsmi ərizə ilə müraciət etmədiyi halda ərizə və şikayətləri araşdırmır. İşçilər işlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmamaq üçün müfəttişliyə rəsmi müraciət edə bilmirlər.

 

7. Müşahidə olunan müsbət hallar

 

BP Azərbaycan şirkəti:

 

- İşçiləri dinləmək üçün nahar yeməkləri təşkil olunur[23].Bu nahar yeməkləri rəhbər qrupun üzvüləri ilə müxtəlif sahələrdə işləyən əməkdaşları bizneslə əlaqəli mövzuları açıq müzakirə etmək üçün bir araya gətirir. Bu naharlar işçilərə öz narahatlıqlarını bölüşməyə, suallarını verməyə və rəhbərlikdən birbaşa cavab almağa fürsət yaradır, rəhbərliyə isə təşkilatın müxtəlif təbəqələrinin fikirlərini öyrənməyə imkan verir. 2018-ci ildə 100-dən artıq əməkdaşın iştirakı ilə 11 belə nahar təşkil edilib.

 

 - Sözünü azad şəkildə demək mədəniyyətinin təşviqi Əməkdaşların, podratçıların və digər üçüncü tərəflərin BP davranış kodeksinə əməl olunmaması ilə bağlı narahatlıqları və ya hər hansı təhlükəli, qeyri-etik və ya potensial olaraq ziyanlı hallara rast gəldikdə bu barədə sözlərini açıq deməkdən çəkinməsinlər BP məsləhət üçün müraciət edənlərə, öz narahatlıqlarını ifadə edənlərə, pozuntular barədə məlumat verənlərə və ya araşdırmada iştirak edənlərə qarşı qisas alınmasını yolverilməz hesab edir. Pozuntuya və ya qisasçılığa yol verənlərə qarşı təlimatlandırma və iş icrasının idarə edilməsindən tutmuş işdən azad etməyə qədər müxtəlif tədbirlər görülür.

 

- BP-nin qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görmək öhdəliyi var. Hər bir məsələ nəzərdən keçirilir, ədalətli və obyektiv şəkildə araşdırılır -BP-nin “OpenTalk” (açıq söhbət) qlobal yardım xətti həm əməkdaşların, həm də üçüncü tərəflərin narahatlıq doğuran məsələləri qaldırması üçün məxfi vasitədir. Müstəqil bir şirkət tərəfindən idarə olunan bu yardım xətti həftənin hər günü, gündüz və gecə istənilən vaxt işləyir və 75-dən artıq dildə zəngləri qəbul edir. “OpenTalk” vasitəsilə qaldırılan məsələlər qiymətləndirilmənin aparılması və müvafiq olduqda, tədbirlərin görülməsi üçün təqdim edilir. 2018-ci ildə Azərbaycanda, Gürcüstanda və Türkiyədə baş vermiş hadisələrlə bağlı “OpenTalk” yardım xəttinə 110 müraciət olunub.

 

SOCAR:

 

2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də rüşvətlə işə qəbul (rəhbər vəzifələrə təyinatda hələ də vəzifə səlahiyyətindən istifadə, qohumbazlıq müşahidə olunur) olunmalar azalmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları Departamentinin yaradılmasıdır. Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçirilir. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilər. Qurum Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıq edir.

 

Xarici təqaüd proqramı

 

2018-ci ildə SOCAR-ın Xarici Təqaüd Proqramına 7 nəfər qoşulmuşdur[24]. Onlar dünyanın qabaqcıl universitetlərində - Melbourne Universiteti, Harvard Universitetinin Kennedi Məktəbi, Mines Paristech Universiteti, Toronto Universitetin East Anglia Universiteti, London İmperial Kollecində təhsil almaq üçün göndərilmişdirlər. 2018-ci ildə 13 nəfər XTP məzunu isə uğurla təhsilini başa vuraraq SOCAR-da ixtisasları üzrə işlə təmin edilmişdir

 

Daxili təqaüd proqramı

 

SOCAR 2004-2005-ci tədris ilindən etibarən yüksək tədris göstəricilərinə malik olan tələbələrə aylıq təqaüd təyin edir. 2018-ci ildə proqrama qoşulmaq üçün 26 ali təhsil müəssisəsindən 1894 tələbə müraciət etmişdir və 77 tələbə SOCAR-ın təqaüdçüsü statusunu qazanmışdır

 

8. Nəticə

Monitorinq nəticələri göstərir ki, illər uzunu aparılan monitorinq müşahidələri göstərir ki, ölkənin əmək qanunvericiliyinin pozulma səbəbləri əsasən aşağıdakılardır:

1. Son 10 il ərzində Azərbaycan Əmək Məcəlləsinə əsasən işəgötürənin xeyrinə olan 300-dək dəyişiklik

2. İşçinin öz hüquq və vəzifələrinikifayət qədər bilməməsi və işəgötürənin bundan istifadəsi

3. İdarə və müəssisəklərdə:

- Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması(ARƏM maddə 310)

- Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan Həmkarlar Təşkilatlarının müstəqil olmaması (ARƏM 309)

- Əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keçirtməklə İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsi(Azərbaycan Respublikasının Əmək Məcəlləs Maddə 15)

- Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT–rin təkliflərinin nəzərə alınmaması.


[1] SOCAR prezidenti cənab R.Abdullayev bu faktı təkzib etməyə çalışsa da Şirkətin illik hesabatlarında şirkət prezidentinin söylədiklərinin əksi yazılır. 

[2] İşsizlikdən icbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Bu qanuna əsasən, İşləyən hər bir şəxs əmək haqqının 0.5 faizini, eyni zamanda da İşəgötürən tərəfindən 0.5 faiz olmaqla cəmi 1 faizi işsizlikdən sığorta kimi məcburi qaydada tutulsada, yalnız müəssisələrin ləğvi və ştatların ixtisarı ilə işdən azad olunan digər işçilərə bu sığorta şamil edilmir. Müqavilə müddətinin qurtarması (halbuki bu əsasla və öz iradəsindən asılı olmayan əsasla işdən azad olunanlar çoxluq təşkil edir), öz xahişi və digər əsaslarla işdən azad olunan işsizlərə bu qanun şamil olunmur.

[3] ARƏM 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. SOCAR isə Dövlət büdcəsindən maliyyələşmir.

[4] Bu “əlavə” rəhbər işçilərə,onların qohumlarına şamil olunmur.

[5] Qeyd: Hər iki halda SOCAR təqaüd yaşına çatmış insanları işdən azad edə bilməz. Bu mövcud qanunvericiliyimizə ziddir. ARƏM Maddə 10-1. isə (Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi) büdcədən maliyyələşən təşkilatlara aiddir.

[6] Problem sosial şəbəkədə yayıldıqdan sonra təchizat və keyfiyyət nisbətən yaxşılaşıb

[7] SOCAR Davamlı İnkişaf Üzrə hesabat

[8] Problem sosial şəbəkələrdə yayıldıqdan sonra fevral ayında dekabr ayının əmək haqqı ödənilib. Proses nəzarətimizdədir.

[9] Bu hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyinin tədqiqatı başa çatmadığı üçün ölənlər və xəsarət alanlar onların təqdim etdiyi siyahiyə salınmayıb. 2018-ci ilə aid olan məlumatların tədqiqatı 2019-cu ildə başa çatdığı üçün xəsarət alan şəxslər 2019-cu ilin siyahısına salınmışdır.

[10] (Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir)

[11] SOCAR ölkədə çoxlu sayda Catering (iaşə xidməti) şirkətlərin olmasına rəğmən, heç bir tender elan etmədən işçilərinə iaşə xidməti göstərilməsi  Xəzəriaşə MMC ilə müqavilə bağlayıb

[12]https://anews.az/az/neft-sikrketi-qida/?fbclid=IwAR3jxsQziPcKRLG_cV2oxhLAy4zcmKDUkWGYCz4FNv7J9MUt4wNMp5dMnAM

[13] Əks Osmos qurğuları (RO) Bu növ qurğular deminerallaşdırılmış suyun xlorid turşusu və qələvi tətbiq etmədən istehsalı üçün istifadə olunurlar. Onlar qazanxanalarda, ümumi istilik şəbəkələrində, xəstəxanalarda, dializ mərkəzlərində və laboratoriyalarda,həmçinin dərman və kimya sənayesində suyun istehsalı üçün və nəmləndirici kimi istifadəyə verilən suyun istehsalında istifadə olunurlar. Əks osmos qurğuları pirogenləri və bakteriyaları aradan qaldırır, çirkab su problemləri yaratmır. Emal olunan suda 90% üzvi maddələr, 98-99% isə qeyri-üzvi duzlar aradan qaldırılır.

[14] İşçilərin dediyinə görə məlumat və şəkil sosial şəbəkələrdə yayıldıqdan sonra şirkət tərəfindən yoxlama aparılmış, suyun tərkibi yaxşılaşmışdır. Proses nəzarətimizdədir

[15]  https://www.facebook.com/nhmt.ib/videos/pcb.1729243080554833/1729231230556018/?type=3&theater

https://www.facebook.com/azengineer/videos/2728525777268419/UzpfSTEwMDAwNDA3NDcyNDQxNjoyMDMxMzI1MTEwMzQ2NjI3/

https://www.facebook.com/nhmt.ib/videos/2031317570347381/

[16] 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır

[17] Maddə 57. Müraciət etmək hüququ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

[18] 1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.

[19] Razılaşmanın 27.2-ci maddəsi: İşəgötürənlə bağlanmış əmək müqaviləsinə hazırki Razılaşmaya və işçinin ərizəsinə əsasən uyğun olaraq xitam verildikdən sonra, ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcədə ARDNŞ-nin iştirak etdiyi birgə müəssisələrdə və əməliyyat şirkətlərində işə bərpa olunma və işə qəbul olunma haqqında, eyni zamanda İşəgötürənə qarşı hər hansı bir iddia irəli sürməyəcək. Belə ki, gələcəkdə də həmin işçi şirkət və onun tərəfdaşlarının işə qəbulla bağlı elan etdiyi müsabiqədə də iştirak edə bilməz.

[20] Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir

[21] Azərbaycanda Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyidir

[22] 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

[23] BP Azərbaycan şirkətinin 2018-ci il üzrə Davamlı İnkişaf haqqında hesabatı

[24] SOCAR –n 2018-ci il üzrə Davamlı İnkişaf hesabatından. 2019-cu il üzrə hesabat açıqlanmayıb