NHMT - Mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

Mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

Mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

 

Ön söz 

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatlarına görə, ildən-ilə ətraf mühitə atılan tullantıların həcmi artmaqdadır. Əgər 2014-cü ildə istehsal və istehlak tullantılarının adambaşına düşən həcmi 250 kq olubsa, 2016-cı ildə bu rəqəm 309 kq olub. Belə ki, ərtaf mühitə atılan tullantıların həcmi 2016-ci ildə 3019 min ton olub. Onun cəmi 796.6 min tonu və ya 26.4 faizi yenidən istehsal edilib və zərərsizləşdirilib.

 

Cədvəl 1. Tullantıların yaranması, istifadə edilməsi və zərərsizləşdirilməsi (min ton)

Göründüyü kimi ətraf mühitə atılan tullantıların çox kiçik bir hissəsi zərərsizləşdirilir. Bu, hələ rəsmi şəkildə açıqlanan statistikadır.

 

İstehsalat tullantıları nədir?

 

İstehsalat tullantıları – istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir.

 

Dövlət Statistika Komitəsi ən çox hansı sahələr üzrə ərtaf  mühitə ziyan vurulmasını da təqdim edir. Təqdimatdan məlum olur ki, bərk məişət tullantılarından sonra mədənçıxarma və emal sənayesi əsas yerlərdən birini tutur. Xüsusilə, 2016-ci ildə mədənçıxarma sənayesinin ətraf mühitə vurduğu zərər 2015-ci illə müqayisədə 3.2 dəfə artıb.

 

(Diaqram 1)

 

(Diaqram 2)

 

Əgər Dövlət Statistika Komitəsinin(DSK) mədənçıxarma və emal sənayesinin strukturuna baxsaq, o zaman neft, qaz və filiz çıxarmanın böyük üstünlük təşkil etdiyini görə bilərik. Sənaye məhsulu istehsalının 70 faizi mədənçıxarma sektorunda, 25 faizi isə emal sektorunda formalaşır. DSK-nin hesabatlarına əsasən, mədənçıxarma sənayesində ən böyük hasilat xam neftin payına düşür. Qalan pay isə əmtəəlik qaz və dəmir, mis, eləcə də qiymətli metal filizlərinin hasilatı təşkil edir. Emal sənayesinin strukturunda isə 33 faizdən çoxu neft və kimya məhsullarının istehsalı oturub. Belə aydın olur ki, respublikanın ətraf mühitə ən böyük zərəri neft-qaz sektorunda çalışan şirkətlərdən dəyir.

 

Qanunverciliklə ətraf mühit necə qorunur?

 

Təbii ki, ətraf mühitin qorunması və ona vurulan zərərə görə bir sıra qanunlar və bundan irəli gələrək qəbul olunan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin normativ hüquqi aktları mövcuddur. Eyni zamanda ölkəmiz dolayısı ilə insan hüquqlarına aid olan bir sıra mühüm beynəlxalq müqavilələrin iştirakçısıdır. Azərbaycan bilavasitə insanların ekoloji hüquqlarının qorunması sahəsində qəbul edilmiş bir çox beynəlxalq müqavilələrə qoşulmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” və digər qanunlar respublikada həmin sahənin hüquqi əsaslarını müəyyən etməklə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə birgə hüquqi baza rolunu oynayır.

 

Bundan əlavə “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” və “Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il mart tarixli 1396 nömrəli Sərəncamına əsasən “Təhlükəli tullantıların saxlanılması Qaydası” təsdiq edilib.

 

“Ekologiya Aləmi” İctimai Birliyinin sədri Sevil Yüzbaşovanın sözlərinə görə, atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun olaraq “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın tələbləri nəzərə alınaraq, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və qeyri-hökümət təşkilatları nümayəndələrindən təşkil edilmiş Ekologiya üzrə Texniki Komitə tərəfindən ətraf mühitin idarə olunması, hava, su, torpaq üzrə 53 İSO standartı hazırlanmış. Hal-hazırda atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun 11 milli ISO standartı hazırlanmışdır.

 

Sevil Yüzbaşova qeyd edir ki, hasilat sənayesində qanunların icra səviyyəsi, pozuntular barədə məlumatlar olduğu kimi açıqlanmır: “Bu sahədə açıqlanan məlumatlarda şirkətlərdə şəffaflıq yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirləri məhkəmələr, cərimələrdən ibarətdir. Qurumun başqa təsir imkanları yoxdur, bu cərimələrlə təbii ki, ətraf mühitə dəyən ziyanı bərpa etmək olmaz”.

 

Beləliklə, aydın görmək olur ki, ətraf mühitlə bağlı Azərbaycanda geniş qanunvericilik bazası var. Buraya ətraf mühitin, heyvanat aləminin, bitkilərin qorunması haqqında qanunları, həmçinin ekoloji təhlükəsizlik, ekoloji maaridləndirmə haqqında və s. çoxlu qanunların adını çəkmək olar.

 

Lakin ekspertlərə görə, bu istiqamətdə çox vacib bir qanun çatışmır; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun. Məhz "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında Qanunun olmaması mədən sənayesində çalışan şirkətlərə bir çox azadlıqlar verir.

 

Mədənçıxarma sənayesində tullantılar dedikdə bura nələr daxildir?

 

Bura ilk olaraq neft-qaz və qiymətli metallar hasil edən şirkətlərin hasilat və emal prosesi zamanı yaranan tullantıların istifadəsi daxildir. Hasilat Sənayesində Şəffaflığın hesabatlarında belə şirkətlərin sayının 40-a yaxın olduğu göstərilir. Respublika üzrə əhatə dairəsi isə Bakı, Salyan, Şirvan, Neftçala, Gədəbəy və digər rayonlardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinın Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən hər il karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühutə atılması və yerləşdirilməsiylə bağlı monitorinqlər aparılır.

 

Təəssüf ki, hasilat sənayesində çalışan 40-a yaxın şirkətin yalnız 18-i barədə məlumat açıqlanır. Son üç ilin monotorinqlərinə görə, “BP-Azərbaycan” şirkəti vurduğu ziyana görə, ən çox cərimə ödəyən şirkət olub. Daha sonrakı pillədə isə Azərbaycan Dövlət Neft Şirkəti tutur.

 

Yer gəlmişkən, SOCAR hasilatla yanaşı, emalla da məşğul olur. Şirkətin  hasilat və emalla məşğul olan idarə və müəssisələrinin ölkənin ekologiyasına vurduğu zərər Böyük Britaniya şirkətindən az deyil. Təkcə, Heydər Əliyev adına Neft Emalı Zavodunun hər gün atmosferə buraxdığı zəhərli tüstünü gözlə görə bilirik. Lakin 2015-2017-ci illərdə şirkətin ödədiyi cərimə cəmi 41 min manata yaxın olub. Bu da cərimələrin tam əhatə olunub-olunmamasına, nə dərəcədə reallığı əks etdirməsinə dair şübhələr yaradır.

 

Qeyd edək ki, SOCAR-ın 2013-2016-ci illər əhatə edən “Davamlı İnkişaf” hesabatında ARDNŞ-lə yanaşı, Birgə müəssisələrin və Əməliyyat Şirkətlərinin ətraf mühitə vurduğu ziyan, atmosferə atılan tullantılar barədə geniş məlumat yer alıb. Aşağıda hesabatlarda adıçəkilən məlumatların foto-sürətlərini təqdim edirik.

 

Cədvəl 2. SOCAR-ın ümumilikdə, atmosferə atdığı çirkləndirici maddələr barədə məlumat

 

(2015-ci il)

 

(2016-ci il)

 

Aşağıdakı verilən Cədvəl 3-də isə SOCAR-ın “Azneft” İB ilə yanaşı, Birgə müəssislərinin və Əməliyyat Şirkətlərinin 2013-2016-cı illər üzrə neft məhsulları ilə çirklənmiş və lay sular altında qalmış torplaqlar haqqında məlumata nəzər yetirək:

 

(2016-cı il üzrə)

 

2013-cü ildə 2.4 min hektarlıq sahənin neft tullantıları sayəsində sıradan çıxmasını görürük. 2015-ci ilə qədər həmin torpaqların cəmi 298 ha-nı (13 %-i) bərpa etmək mümkün olub.

 

Cədvəl 4-də çirklənmiş torpaqların bərpası və abadlaşdırılması barədə məlumat yer alır:

 

Qeyd edək ki, Azərbaycanda neft və qazın emalı ilə məşğul olan tək şirkət SOCAR-dır. Belə aydın olur ki, emal sənayesində neft məhsullarının istehsalı zamanı əmələ gələn tullantıların hamısına dövlət şirkəti cavabdehlik daşıyır. ARDNŞ, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi neftlə çirklənmiş torpaqların təmizlənməsi, ekoloji tədbirlər üçün beynəlxalq kreditlər alıb. Məsələn, 2008-ci ildə Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) ölkədə «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi»ni həyata keçirilıb. Dünya Bankı bu layihəyə 164 mln. ABŞ dolları ayırıb.

 

Bundan əlavə, qanunvericiliyə görə, hər bir hasilat şirkəti ətraf mühitə atdığı tullantıların zərərsizləşdirilməsi üçün büdcəsindən vəsait ayırmalıdır. Biz yalnız SOCAR-ın “Davamlı İnkişaf” hesabatlarında bu xərci görə bilirik. Təəssüf ki, digər şirkətlərdə bu tip xərclərlə bağlı məlumatlarda qeyri-şəffaflıq hökm sürür.

 

SOCAR (Azərbaycan) üzrə ətraf mühitin qorunması üçün çəkilən xərclər

(Cədvəl 5)

 

“BP-Azərbaycan” da “Davamlı İnkişaf” hesabatında orada çəkilən xərclər göstərilməsə də, tullantılar və onların zərərsizləşdirilməsi barədə müəyyən qədər məlumat verir. (Cədvəl 6.)

 

Böyük Britaniyanın neft şirkətinin 2013-ci il hesabatında Azərbaycandakı əməliyyatları ümumilikdə 150 542 ton bərk və maye tullantılarının formalaşdırıldığı qeyd olunur. Həmin ilin hesabatından çıxarış:

 

“Təhlükəli tullantıların həcmi əvvəlki illə müqayisədə 14% artaraq 135 326 ton təşkil edib, bunun əsas səbəbi qazma işlərinin artması olub. Bunun əksinə, Qərbi-Çıraq platforması üzrə tikinti işlərinin başa çatdırılması təhlükəsiz tullantıların 24% azalaraq 15 216 tona enməsi ilə nəticələnib. Bu tullantı axınlarından təhlükəsiz tullantıların 34%-i (5 116 ton), təhlükəli tullantıların isə 22%-i (39 036 ton) yerli şirkətlər tərəfindən təkrar emal edilib və ya yenidən istifadə olunub. Təkrar emal edilmiş təhlükəli tullantıların həcmi 2012-ci illə müqayisədə təxminən on dəfə artıb, bunun əsas səbəbi neftlə çirklənmiş sular üçün utilizasiya marşrutunun təkrar təsnif edilməsi olub”

 

2014-cü ildə isə Azərbaycandakı əməliyyatlarından ümumilikdə 368 839 ton bərk və maye tullantı formalaşıb:

 

“Təhlükəli tullantıların nəzərəçarpan artımına səbəb sahədən kənarda təmizlənməyə və utilizasiya edilməyə göndərilən lay sularının əhəmiyyətli həcmdə olmasıdır. Təhlükəsiz tullantıların təxminən 42%-i (5 690 ton), təhlükəli tullantıların isə 20%-i (63 314 ton) təkrar emal edilib və ya podratçılarımız tərəfindən təkrar istifadə olunub”.

 

“BP Azərbaycan” şirkətinin 2015-ci ildəki fəaliyyətində ümumilikdə 100000 tona yaxın təhlükəli və təhlükəsiz tullantı əmələ gəldiyi göstərilir:

 

“Təhlükəli tullantıların həcminin dörd dəfə azalması podratçı tərəfindən qurudakı lay suyunun utilizasiyasının dayandırılması və qazma məhlulları tullantılarının əhəmiyyətli şəkildə azalması nəticəsində baş verdi. 2015-ci ildə həm təhlükəli tullantıların (44031 ton), həm də təhlükəsiz tullantıların (10036 ton) 54%-i təkrar emal və ya istifadə olunub. Kağız, taxta, plastik materiallar və neftli su təkrar emal etdiyimiz əsas tullantılardır”.

 

Digər şirkətlər barədə isə təəssüf ki, geniş məlumat əldə edə bilmirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ekoloji fəsadlarla bağlı məlumatları yarımçıq təqdim edir. Siyahıda “BP-Azərbaycan” və SOCAR cərimə olunanlar sırasında ilk yerlərdə qərarlaşır. Amma bu o demək deyil ki, digər şirkətlər ekologiyaya az tullantı axıdırlar. Çox ehtimal ki, bu şirkətlərə cərimələri ödətdirməkdə çətinliklər yaşanır. Xüsusilə, qurudakı yataqlarda çalışan əməliyyat şirkətlərinin cərimə məbləğləri inandırıcı görünmür.

 

Cədvəl 7. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə vurduğu ziyana görə cərimələr (Azərbaycan manatı ilə)

  Şirkətlər 2015 2016 2017 Cəmi
1 BP 157.000 169000 184000 585 729.0
2 SOCAR 130 194.88 142.771,21 76186 349 152.09
3 Balaxanı ƏŞ 10270.0 11100.0 23200.0 44570.0
4 Şirvan ƏŞ 12060.0 12115.0 12211.00 36 386.0
5 SuraxanıOİL 8043.0 10325.5 17564 35 932.0
6 Azgerneft 7257.0 8150.0 17602 33009.0
7 Binəqədi OİL 7438.0 7358.0 7715.0 22511.0
8 Qarasu ƏŞ 7200.0 7150.0 7240.0 21590.0
9 SOCAR AQŞ 2347.35 1975 12307 16 629.35
10 Neftçala ƏŞ 5270.0 5230.0 5180.0 15680.0
11 Bahar Enerji 5341.0 4413.31 5421 15 135.31
12 Salyan OİL 3970.0 4156.0 4321 12 447.0
13 Abşeron OC 1810.0 1850.0 1786.0 5446.0
14 Gobustan OLTD 1100.0 1750.0 1148.00 3998.0
15 Petro Hongong Pirsaat OİLLimited MMC 710.00 750.0 740.0 2200.0
16 Socar Ümir MMC   2010.0 1095 3105
17 Gulf Drilling MMC   1200.0   1200
18 SOCAR CEP MMC   359.0   359.0

 

SOCAR-ın idarə və müəssisələrinin 2015-2017-ci illər üzrə ətraf mühitə vurduğu ziyana görə cərimələrinə nəzər yetirək: (Cədvəl 8)

Tullantıların zərərsizləşdirilməsi üçün həm dövlət büdcəsindən, həm də beynəlxalq kreditlər hesabına xeyli vəsait ayrılıb, bir sıra layihələr icra edilib, hətta “Ekologiya ili” elan olunub. Amma həm DSK-nin, həm də neft şirkətlərinin  hesabatlarından görürük ki, tullantıların həcmi daha da artıb. Xüsusilə, 2016-ci ilin göstəriciləri acınacaqlıdır. Görünür, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğının bir neçə ay davam etməsi, bu göstəriciyə təsiri olub.

 

Hadisə başverən dövrdə “Sentinel-1A” radiolokasiya peykindən çəkilişlər zamanı “Günəşli” yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazilər getdikcə böyüməsi müşahidə edilmişdi. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərirdi ki, on gün ərzində çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometrə çatmışdır.

 

Azərbaycanda isə neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət yaradılan İşçi Qrupu faktı təkzib etmişdi. SOCAR 2015-ci ilə dair hesabatında qeyd edir:

 

“SOCAR–ın sifarişi ilə “Azərkosmos” ASC və Kanadanın MDA şirkətinə məxsus “Radarsat–2” peyklərinin Xəzər dənizinin optik və radar tipli peyk təsvirləri analiz edilərək “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyi təsdiqlənmişdir. Bu hər gün 24 saat aparılan çöl müşahidə və kontakt ölçmə monitorinqlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və SOCAR–ın Ekologiya idarəsinin birgə monitorinq qrupundan aldığımız məlumatlarla təsdiq edilmişdir”.

 

Həmin vaxt İşçi Qrupu bildirdi ki, Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası qeyd olunan çirklənmə həddinin ümumi fon göstəricilərindən fərqlənmir: “Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur. Digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnologiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.

 

Amma ekspertlər bildirirdilər ki, su hövzələrinin 1 ton neftlə çirklənməsi, su hövzəsində 12 kv.km-lik neft təbəqəsi yaradır və atmosferdən daxil olan oksigenin yolunu bağlayır. Bununla da balıqların qidalandığı  planktonların çoxalması dayanır ki, nəticədə balıqlar və digər dəniz canlılarının kütləvi şəkilədə qırılması baş verir. Bütün bunlar son nəticədə Xəzər dənizinin biomüxtəlifliyi və faunası üçün ciddi mənfi təsirlər yarada bilər.

 

ETSN-nə son göndərdiyimiz sorğuya verilən cavabdan məlum olur ki, “28 May” NQÇİ-nin “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı ətraf mühitə dəyən ziyanla bağlı “Azneft” İB-yə 24 528.44 AZN məbləğındə maliyyə sanksiyası tətbiq olunub. Deməli, ekspertlərin iddiaları doğru çıxıb. Rəsmi qurumlar heç bir zərərin olmamasına dair açıqlamalar versə də, cərimənin tətbiq edilməsi bunun əksini sübut edir.

 

Eyni vəziyyət “Gədəbəy” və “Çovdar” qızıl yatağında da hökm sürür. Burada qızıl çıxarılması zamanı ətraf mühitə böyük ziyan vurulur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun mütəxəssisləri həyacan təbili çalaraq, Gədəbəy rayonunda qızıl yataqlarının işlənməsi nəticəsində həmin rayonun dağ otlaqları texnogen çirklənməyə məruz qaldığını bəyan ediblər. Belə ki, Gədəbəydə heyvandarlıq üçün yem bazası kimi istifadə edilmiş dağ otlaqları qızıl yataqlarının işlənməsindən zərər çəkib. Bu ərazilərdə çıxarılmış qazıntı süxurları otlaqların ərazisinə yayılıb və landşafta ciddi şəkildə ziyan vurur.

 

Xəstəlik mənbəyi olan torpaqlar

 

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının eksperti, ekoloq Namiq Rzayev Salyan, Neftçala, Ağcabədi, Şirvan və Ucar rayonlarındakı ekoloji vəziyyətin maraqlı müqayisəli təhlilini təqdim edir.

N.Rzayev qeyd edir ki, neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar risqə məruz qalan ərazilərdə müxtəlif qurumlar, ekspertlər tərəfindən aparılan monitorinq və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı  ətraf mühit aşağıdakı təsirlərə məruz qalır

 

  • Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s.); 
  • Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması; 
  • Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması; 
  • Torpaqların neft və neft məhsulları ilə çirklənməsi; 
  • Qazma şlamları və onların basdırılması; 
  • Qəza hadisələri nəticəsində neft dağılmaları; 
  • İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir‐tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.

 

Bu da risqə məruz qalan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən müqayisəli qiymətləndirilmə aparılmışdır.

 

Müqayisəli qiymətləndirmə aşağıdakı rayonlarda aparılmışdır. Qiymətləndirmə üçün əhali sayı eyni olan rayonlar seçilmişdir:

 

- Salyan (əhalisi 135,6 min) və Ağcabədi rayonu (əhalisi 133,3 min)

- Neftçala (əhalisi 86,5 min), Şirvan şəhəri (əhalisi 85,0) və Ucar rayonu (əhalisi 86,6 min)

 

Ərazilərində neft, qaz hasil edilən Salyan Bakıdan 129 km, Neftçala 169 km, Şirvan 133 km məsafədə, ərazilərində neft layihələri reallaşdırılmayan Ucar (Bakıdan 235 km, neft hasil olunan ərazidən 150 km aralı), Ağcabədi (Bakıdan 360 km neft hasil olan ərazidən 200 km aralı) məsafədədir.

 

Seçilmiş rayonlarda 4 Əməliyyat şirkəti: “Salyanoyl” ƏŞ, “Global Energy Azerbaijan Group” (“GEA”) məxsus “Karasu” Operating Company, “Neftchala” Operating Company və “Shirvan” Operating Company fəaliyyət göstərir.

 

N.Rzayevin sözlərinə görə, qiymətləndirilmənin aparılması üçün seçilmiş ərazilərdə hasil olan neft və qazın miqdarı, bu zaman ətraf mühitə atılan tullantı və bunun nəticəsində əhalinin sağlamlığına olan təsir müəyyənləşdirilmişdir. Lakin, bu ərazilərdə fəaliyyət göstərən hər bir neft şirkətinin hasil etdiyi neft və qazın miqdarı ictimaiyyət üçün açıq olmadığından, hasil olan neft və qazın miqdarı, ərazi üzrə, Dövlət Statistika Komitəsinin saytından götürülmüşdür. (Bax: cədvəl 9, 10, 11, 12, 13, 14)  

 

2010-2016 illərdə regionlar üzrə neft və qazın dinamikası

 

Cədvəl 9. Salyan

  2010 2012 2013 2014 2015 2016
Neft, min ton 225 195.9 190.8 186.5 178.1 169.1
o cümlədən əmtəəlik 221.8 193.1 187.3 183.7 175.3 166.7
Qaz, mlyn. kub m. 28.4 42.5 47.5 43.1 48.4 56.1
o cümlədən əmtəəlik 14.1 24.3 30.2 32.6 34.9 38.5

 

Cədvəl 10. Neftçala

  2010 2012 2013 2014 2015 2016
Qaz, mlyn. kub m. 28.4 10.4 1.8 1.3 1.1 1.0
o cümlədən əmtəəlik 26.4 8.9 0.4 - - -
Neft, min ton 49.1 37.9 42.0 45.5 40.4 34.8
o cümlədən əmtəəlik 48.4 37.1 40.9 44.4 39.2 34.1

 

Cədvəl 11. Şirvan

  2010 2012 2013 2014 2015 2016
Xam neft (ümumi), min ton 420.9 337.6 312.5 297.8 258.5 244.1
Təbii qaz, mlyn. kub m 18.5 16.9 12.4 18.4 19.9 19.5
 o cümlədən əmtəəlik 9.0 10 12.4 10.0 8.6 7.7

 

Cədvəl 12. 2016-cı ildә inqrediyentlәr üzrә ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәrinin atmosfer havasına stasionar mәnbәlәrdәn atılan çirklәndirici maddәlәr (ton)

NN İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları Atmosfer havasına atılan çirklәndirici maddәlәr - cәmi o cümlәdәn:
bәrk maddәlәr qazaoxşar və maye maddələr onlardan:
kükürd anhidridi (SO² ) karbon oksidi (CO) azot oksidləri (NO²)
1 Salyan rayonu 11491,4 60,4 11431,0 3,7 118,0 21,1
2 Ağcabədi rayonu 44,4 5,4 39,0 2,1 7,8 1,0
3 Neftçala rayonu 108,8 2,3 106,5 3,7 46,2 4,2
4 Şirvan şəhəri 6414,5 64,4 6350,1 329,3 379,2 2574,5
5 Ucar rayonu 59,1 3,5 55,6 0,3 1,2 0,1

 

Cədvəldən  göründüyü kimi, Salyan rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı Ağcəbədi rayonuna nisbətən 268 dəfə çoxdur. Neftçala rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәr miqdarı Ucar rayonuna nisbətən 2 dəfə, Şirvan rayonunda isə Ucar rayonuna nisbən 108 dəfə çoxdur.

 

Orta hesabla Salyan rayonunda adambaşına 84,7 kq. atmosfer havasına atılan çirklәndirici maddәlәr düşür, halbuki Azərbaycan üzrə adam başına 11 kq düşür. Müqayisə etdiyimiz Ağcəbədi rayonunda bu göstərici 0,33 kq. təşkil edir. Neftçala rayonunda 1,25 kq, Şirvan şəhərində 75,5 kq və Ucar rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin adambaşına düşən miqdarı 0,68 kq-dır.

 

Ərazinin 1 kv. km-nә düşәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı respublika üzrə 2166 kq/km² bərabərdir. Bu rəqəm Salyan rayonu üzrə 7182,1 kq/km² təşkil edir. Ağcəbədi rayonunda 25,2 kq/km², Neftçala rayonunda 75,0 kq/km², Şirvan ş. 91635 kq/km², Ucar rayonu 71,2 kq/km².

 

Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı müqayisə etsək görərik ki, çirklәndirici maddәlәr miqdarı neft və qaz hasilatinın həcmi ilə duz mütənasib gəlir. Yuxarıdakı hesablamalardan görmək olar ki, neft və qaz hasilatı bölgələrdə ərazinin hər 1 kv. km və adambaşına düşən inqrediyentlәr üzrә stasionar mәnbәlәrdәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı digər rayonlara nisbətən yüksəkdir.

 

Cədvəl 13. Ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәri üzrә çirkab suların atılması1 (milyon kub metr)

NN İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları 2005 2010 2013 2014 2015 2016
1 Salyan 1529.5 2818.1 1728.3 1713.3 1818.8 1839.7
2 Ağcabədi 3.0 0.2 0.4 0.3 0.4 0.3
3 Neftçala 216.0 215.7 425.1 358.4 378.8 440.9
4 Şirvan 2321.3 1747.9 1897.5 2083.8 2027.3 2083.0
5 Ucar 0.01 0.1 0.6 0.0 0.0 1.2

 

Ekspertin qənaətinə görə, bu göstəricilərə görə də neft və qaz hasilatı olan rayonlar ətraf mühiti çirkləndirməsində öndədirlər. Cədvəl 13-dən gördüyumüz kimi ən cox çirkab sular Salyan rayonu 1839,7 milyon kub metr, Şirvan ş. 2083,0 milyon kub metr, Neftçala rayonu 440,9 milyon kub metr yaranır. Müqayisə edilən rayonlarda çirkab suların həcmi dəfələrlə azdır. Ağcabədi rayonu 0,3 milyon kub metr və Ucar rayonu 1,2 milyon kub metr.

 

Beləliklə, iki parametr üzrə statistik məlumatlarin təhlili gostərdi ki, neft və qaz hasilati regionlarında (Salyan, Neftçala, Şirvan) stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin və atılan çirkab suların həcmi diqər rayonlarla müqayisədə yüksəkdir. Bu isə bu bölgələrdə insan sağlamlığına ciddi fəsadlar yarada bilər.

 

Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması (İ.P.Gerasimova görə, 1979) cədvəlinə, əsasən stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirıcı maddələrin insan sağlamlığina təsiri belədir:

 

Azot 2 – oksid

Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO²-nin təsiri ağciyərlərin dərhal ağır zədələnməsinə səsəb olur. NO²-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna 160 bilər. NO2-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan şəxslərdə NO²-nin 380-560 mkq/m3 konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO²-nin konsentrasiyanın hər 10 mkq/m3 səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.

 

Kükürd 2-oksid. Tullantıların kütləvi miqdarına görə SO² digər atmosfer çirkləndiriciləri arasında ön cərgədə durur. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs orqanlarına təsir göstərir.

 

Karbon 1-oksid (karbon monooksid) – CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və kükürd 2-oksiddən sonra üçüncü yerdə durur. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəyişməsi müşahidə olunur.

 

“Qeyd etdiyimiz rayonlarda bu maddələrin əhalin sağlamlığına təsirlərini nəzərdən keçirsək görərik ki, Salyan rayonunda tənəffüs orqanlarının xəstəlikləri qeydə alınmış insanların sayı 11603 nəfərdır, Ağcabədi rayonunda 2361 nəfərdir. Bu isə təxminən 5 dəfə azdır. Qan dövranı sisteminin xəstəlikləri Salyan rayonunda 3789 nəfərdə qeydə alınıb, Ağcabədi rayonunda isə 813 nəfərdə, bu isə 4,6 dəfə aşağıdır”-N.Rzayev qeyd edir.

 

Bu tendensiya başqa göstəricilərdə də müşahidə olunur: “Bütün yuxarıda qeyd etdiyimizdən belə nəticəyə gəlib çıxmaq olar ki, neft və qaz hasilatı bölgələrində  ətraf mühitə ciddi zərər vurulur, bu isə öz növbəsində əhalinin sağlamlığına təhlükə yaradır. İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir”.

 

Ekoloq Sevil Yüzbaşova da deyir ki, hasilat sənayesinin inkişafı, insan həyatı üçün vacib ekosistemlərə torpağa, suya, atmosfer havasına ziyan vurur, dənizin suyunu, dəniz dibinə çirkləndirir: “Neft, qaz quyularından atmosferə külli miqdarda tullantılar atılır. Neft-qaz çıxarma və nəql etmə əməliyyatları zamanı neft sızmaları, dağılmaları, gözlənilməz qəza hadisələri, baş verən dəhşətli yanğınlar ətraf mühitə ciddi ziyan vurur. Yanacaqdoldurma məntəqələrinin sayının çox olması, yaşayış məntəqələrinin yaxınlığında tikilməsi, ölkədə avtomobillərin sayının çox olması da ətraf mühitin çirklənməsinə səbəb olur. Bizim ölkəmizdə də neft-qaz hasilatı, qatarlarla neft daşımaları, müxtəlif təbii sərvətlərin istehsalı, yanacağın daşınması və benzinin doldurulması zamanı az miqdarda da olsa belə benzinin dağılmaları baş verir. Bütün bu hadisələr nəticəsində həm hava, həm də torpaq çirklənir. Bu zaman müxtəlif  karbohidrogenlər havaya uçur və havanın zərərli maddələrlə çirklənməsi baş verir.

 

Bu çirklənmələr tək neft-qaz sənayesində deyil, həm də dağ-mədən sənayesinin inkişafı zamanı da baş verir. Gədəbəy, Daşkəsən kimi unikal təbiətə malik olan bölgələrimizin suyu, torpağı, havası da ciddi çirklənmələrə məruz qalır. Bu çirklənmələr isə dünyada gedən iqlim dəyişikliyini sürətləndirir”.

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan hesabatda deyilir ki, 2012-ci ildə dünyada hava çirkliliyinə görə 7 milyon insan həlak olub. Hesabata görə, havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük təhlükələrdən biridir. Onların apardıqları tədqiqatların nəticəsi göstərib ki, hər səkkiz insandan birinin ölümü  2012-ci ildə meydana gələn hava çirkliliyinin səbəbi ilə bağlı yaranan problemlərdən meydana gəlib. Adətən, bu ölümlər ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəliyi, xərçəng və kəskin respirator virus infeksiyaları nəticəsində yaranıb. Bütün bunlar onu göstərir ki, biz nəfəs aldığımız havanın təmizliyinə diqqət etməliyik. Hesabatda deyilir ki, hava çirklənməsi səbəbindən insan sağlamlığı üçün yaranan risk əvvəllər proqnozlaşdırılandan daha yüksək və təhlükəlidir. Ən yüksək ölüm faizi Cənub-Şərqi Asiya və Sakit okeanın qərbində olan kasıb ölkələrdə qeyd edilmişdir. Bu ölümlərin 3.3 milyonu örtülü daxili məkanlarda olan hava çirkliliyi ilə bağlı, 2,6 milyonu isə - əlverişsiz ekoloji şərait ilə əlaqədardır.

 

Ekoloq əlavə edir ki, Nazirlik tərəfindən torpaq ehtiyatlarının səmərəli istifadə olunması, səhralaşma proseslərinin qarşısının alınması və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi məqsədi  ilə Səhralaşma ilə mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanmışdır: “Bununla bərabər torpaq ehtiyatlarının münbitliyinin artırılması məqsədi ilə hesabat müddətində ölkənin qeyri-meşə fondu torpaqlarında, o cümlədən, Abşeron yarımadası və ona bitişik digər arid zonalarda, həmçinin magistral avtomobil yollarının kənarında aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 4000 ha ərazidə 5 milyona yaxın müxtəlif növ ağac və kol cinsləri əkilmiş, bütün ərazilər müasir damcılı suvarma sistemi ilə təchiz edilmişdir İri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyası ilə bağlı ETSN-nin səlahiyyətləri çərçivəsində monitorinq nəzarət tədbirləri müntəzəm olaraq aparılmışdır. Torpaqların mühafizəsi üzrə 1015 akt və 451 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün məcburi olan 421 müddətli “məcburi göstəriş” verilmişdir. Bununla yanaşı, faydalı qazıntıların rekultivasiya edilmiş və torpaq örtüyünün bərpası işləri aparılmışdır”.

 

“Lakin dağ-mədən səneyisində istər mədənqazma, tunelaçma, istərsə də partlayış işlərinin həyata keçirən zaman yeni texnoloji avadanlıqlar tətbiq olunsa belə, bu ətraf mühitə təsirsiz ötüşmür” - S.Yüzbaşova deyir. Fövqəladə Hallar Nazirliyinin nəzdində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyət göstərir. Bu agentlik texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyasını həyata keçirən, fövqəladə halların qarşısının alınmasının təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır. Dağ-mədən sənayesinin inkişaf etdiyi bütün ölkələrdə təhlükəsizlik məsələləri ciddi əhəmiyyət daşıyır və bu sahəyə ciddi nəzarət olunur. Ekoloq deyir ki, FHN də Azərbaycanda yüksək səviyyədə bu funksiyanı həyata keçirsə də ətraf mühitin mühafizəsi istqamətində görülmüş işlər barədə məlumatlar əldə etmək mümkün olmamışdır. Neftlə çirklənmiş torpaqlarin təmizlənməsi, neftayırma zavodlarında zərərli maddələrin tutulmasi istıqamətində görülən işlərə gəlincə, ekoloq bildirir ki, ARDNŞ tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" tərəfindən 2006-cı ildən başlayaraq orta hesabla bir ildə Heydər Əliyev adına Bakı Neftayırma Zavodundan (BNZ) atılan 12.5 milyon m3, "Azərneftyağ" NEZ-dan isə atılan 10.9 milyon m3 sənaye çirkab suları norma həddinə qədər təmizlənmiş, hər iki zavodun istehsalat sahələrində uzun illər yığılıb qalmış 35.5 min ton, "Bibiheybət" sahəsində isə 6.2 min ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarını xeyli dərəcədə azaltmışdır: “Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km 3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Bununla yanaşı, dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.

 

Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı buxtası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır.

 

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır”.

 

S.Yüzbaşovanın sözlərinə görə, ekolojı şəraitin pisləşməsi, atmosferdə havanın çirklənməsi nəticəsində yaranan tənəffüs orqanı xəstəlikləri, allergiya, qan dövranı sisteminin xəstəliklərinı artımışdr ki, bu, hələ ətraf mühitin deqradasiyası nəticəsində insan sağlamlığında yaranan fəsadların tam siyahısı deyildir: “Alimlər çirkli havanın yerli zərərli təsirilərini çox araşdırmışlar. Çirkli hava insan sağlamlığına mənfi təsir edir. Çirkli havanın təsirindən gözlərin göynəməsi, öskürmə, nəfəs alınmasında problemlərin yaranmasına və hətta insanın ölümə səbəb ola bilər. Atmosferdə olan duman, sis və ya smog görüntünü azaldır, kimyəvi turş yağışlar su ehtiyatlarının çirkləndirir, meşələrə, heyvanat aləminə və kənd təsərrüfatına ciddi ziyan vurur. Hava çirkliliyinin yaranmasında əsas səbəblərdən biri avtomobillərdə yanacağın qeyri-bərabər və natamam yanmasıdır. Avtomobillərin hərəkət etməsinə yanacağının yalnız 15 %-i sərf edilir, qalan 85% isə havaya israf edilir.

 

Torpaqların neft və neft məhsulları ilə çirklənməsi ətraf mühitə öz mənfi təsirini göstərmişdir. Belə ki, neftlə çirklənmə torpaqlarda ağır metalların miqdarının artmasına, insan orqanizmi üçün lazım olan mikroelementlərin normadan aşağı düşməsinə səbəb olur. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin artmasına səbəb olur. Abşeron yarımadasının neftlə müxtəlif dərəcədə çirklənmiş ərazilərdə, müxtəlif infeksion xəstəliklərə tənəffüs yolları, həzm sistemi, əsəb sistemi, qan dövran və s. xəstəliklərin yaranmasına səbəb olur.

 

Hər zaman qiymətli metalların yataqlardan çıxarılması, ətraf mühitə böyük həcmdə neqotiv təsiri olmaqla həyata keçirilir. Qızıl çıxartma sənayesi müəssisələrinin qızıl çıxarılmasında istifadə etdikləri texnologiyalardan asılı istehsal zamanı yaranan tullantıların həcmi, bu sahə üzrə ümumi istehsal zamanı əmələ gələn tullantıların 16 % – ni təşkil edir. Atmosferə olan neqotiv təsir isə 8 % ətrafındadır. Heç də bütün müəssisələr ətraf mühit məsələlərinə məsuliyyətlə yanaşmırlar. Hətta dünyada bəzi müəssisələr son zamanlar ətraf mühitə atılan tullantıların mıqdarını artırmışlar. Təəsüflə onu da demək lazımdır ki, istehsalın bu sahəsi üzrə yüksək texnologiyalar inkişaf etməmişdir.

 

Dağ-mədən sənayesi istehsalı ilə məşğul olan Gədəbəydə zavoda yaxın ərazisində olan Arıxdam kəndinin yerli sakinləri, əsasən, səhər və axşam saatlarında havada pis qoxunu duyduqlarını, filiz yataqlarında aparılan partlayışlar nəticəsində evlərində kiçik çatlar yarandığını, zavoda yaxın yerlərdə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının aşağı düşdüyünü və otlaq sahələrinin tutulduğundan şikayətlənirlər. Əhalinin əsas narazılıqlarından biri də zavoda gedən yolların bağlı olmasıdır. Torpaq yolda gün ərzində avtomobillərin intensiv hərəkəti nəticəsində toz dumanının yaranması yolun kənarında yaşayan sakinlər üçün ciddi narahatlıq yaradır. Bütün bu narahatlıqlar insan orqanizmində fəsad yaradır, onun sağlamlığına ciddi ziyan vurur. Şirkət öz tərəfindən əhaliyə bu kəndi köçürtmək təklifi etmişdir. Amma insanlar buna razılıq vermədilər”.

 

NƏTİCƏ

 

  • Ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu qanunlar və hüquqü aktlar mövcuddur. Lakin ekspertlər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun layihəsinin hazırlamasını vacib sayırlar. Qanunvercilikdə yaranmış boşluqdan istifadə edən mədən sənayesində çalışan şirkətlər məsuliyyətdən yayına bilirlər.
  • Müvafiq dövlət qurumları hasilat şirkətlərinə qarşı bu istiqamətdə sərt tələblər qoymaq imkanına malik deyillər.
  • Ərtaf mühitə dəymiş zərərin masştabına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cərimələri arasında mütənasilik görünmür. Bunun da əsas səbəbi məhkəmə qərarlarının azad və şəffaf təşkil edilməsində problemlərin mövcudluğudur.
  • Eyni zamanda Nazirliyin ətraf mühitə təsir göstərən amillərlə bağlı məlumatları yarımçıq təqdim edilir.
  • Ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması üçün ayrılan xərclərin şəffaflığı şübhə altındadır. Həmin vəsaitlərin necə istifadəsi açıqlanmır.
  • Təəssüf ki, ayrılan vəsait, alınan kreditlərin fonunda atmosferə atılan tullantıların həcmi yüksəlib.
  • Ətraf mühitin monitorinqində mədən sənayesində fəaliyyət göstərən şikrətlərin hamısı əhatə olunmur. Onların ekologiyaya vurduqların zərərlərin nəticələri, çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirləri ictimaiyyətə açıq deyil.
  • Quru yataqların ətrafında nə qədər insanın yaşamasına və onların reabilitasiyasına dair hər hansı bir hesabat hazırlanıb ictimaiyyətə təqdim edilmir.

 

İsitifadə olunan mənbələr

 

www.stat.gov.az/source/regions

www.stat.gov.az/source/environment

www.socar.az

www.bp.com/az_az/caspian/sustainability/sustreport.html

www.eco.gov.az

www.nhmt-az.org

apa.az/iqtisadiyyat-xeberleri/maliyye_xeberleri/dunya-banki-azerbaycanda-heyata-kecirilecek-ekoloji-proqram-ucun-164-mln-dollar-ayiracaq.html

www.biznesinfo.az/observer/dossier/params/ln/az/article/113261