NHMT - Məhkəmə monitorinqi

Məhkəmə monitorinqi

Yanvar 2017-iyun 2017-ci il ərzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin ekspertləri tərəfindən Bakı şəhərinin: Yasamal, Nəsimi, Səbail Rayon məhkəmələrində, Bakı Apellyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində məhkəmə çəkişmələrinin monitorinqi aparılmışdır. 
Monitorinqlər zamanı aşağıdakılar müşahidə olunmuşdur:

 

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227-ci maddəsinə əsasən, Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin apardığı monitorinqlər təsdiq edir ki, Bakı Apellyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali məhkəməsində mülki mübahisələrə qanunvericilikdə nəzərdə tutlan müddətdə baxılaraq qərarlar qəbul edilsədə, Bakı şəhərinin Yasamal Rayon məhkəməsində və Səbail Rayon məhkəmələrində qanunvericiliyin tələblərinin pozulur. Belə ki:

 

Bakı şəhərinin:

- Yasamal Rayon məhkəməsində 2 nəfər Qəbələ mülkiyyətçisinin “Azərsu” SC-nə qarşı iddia tələbləri üzrə məhkəmə işində (Hakim: Fuad Bababyev) 4 il 7 aydan sonra yekun qətnamə qəbul edilmişdir.

- Yasamal Rayon məhkəməsində 1 nəfər Qəbələ mülkiyyətçisinin “Azərsu” SC-nə qarşı iddia tələbləri üzrə məhkəmə işində (Hakim: Fuad Bababyev) 3 ilə yaxın müddətdir ki, yekun qərar qəbul etməyib.

- Səbail Rayon məhkəməsində 1 nəfər işçin SOCAR AQŞ-yə qarşı “İşə Bərpa” barədə iddia tələbləri üzrə məhkəmə işində bu (Hakim: Nurəddin Bağırov) 1 ay müddətində baxıb qərar verməli olan mülki işdə 4 aydan sonra yekun qətnamə qəbul edilmişdir.

- Səbail Rayon məhkəməsinin Hakimi Nurəddin Bağırov məhkəmə qətnaməsini elan etdiyi gündən dəfələrlə edilən müraciətlərdən sonra 45 gün sonra hazırlaayaraq təqdim etmişdir. 

- Nəsimi Rayon məhkəməsinin Hakimi Rəşid Səmədov tərəfindən də qanunvericiliyin tələbləri pozulmuş, məhkəmə iclaslar təyin olunmuş vaxtdan 1-2 saat sonra baxılmış, təmin olunmuş Vəsatət üzrə sənədlər cavabdehdən alınmamış, Dövlət Əmək Müfəttişliyinin rəyi İşəgötürənin xeyrinə dəyişdirilmiş və qətnamədə əks rəy yazılmışdır. Bu xidmətin nümayəndəsi Apellyasiya instansiyası məhkəməsində qeyd olunan faktı yazılı olaraq təsdiq etmişdir.


2. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1(Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.), 415.1(Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.) 415.2(İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə xəbərdar edilirlər.) və 419.3 (Qərar qəbul edildiyi gündən 1 ay müddətində, işdə iştirak edən şəxslərə sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.) maddələrinin pozulma faktı müşahidə olunmuşdur.
Belə ki, tərəflərə qanunla nəzərdə tutulan qaydada məhkəmə iclaslarının vaxtı barədə Bildirişlər verilmir və ya qanunda nəzərdə tutulan vaxtda verilmir. Eyni zamanda məhkəmə qəbul etdiyi qərarları da tərəflərə vaxtında göndərmir. Məhkəmənin qəbul şöbəsində və ya dəftərxanasında Qərarı almayan şəxslərə formal bir cavab verilir, “ünvanınıza göndəriləcək” - deyə süründürməçilik hallarına yol verilir. Belə hallar monitorinqini apardığımız bir neçə məhkəmə işində təsdiq olunmuşdur.

 

3. Məhkəmə qərarlarının icrası
Monitorinqi zamanı müəyyən olumuşdur ki, qanuni qüvvəyə minmiş və İcra vərəqi verilmiş məhkəmə qərarları vaxtında icra edilmir. Bu hallar Bakı şəhər Yasamal və Xətai Rayon İcra şöbələrində daha çox baş verir. Hal hazırda bu icra şöbələrində: İşə bərpa, mülkiyyətlə bağlı kompensasiyaların ödənilməsi, alimentin tutulması və digər işlər üzrə 1 ildən çox müddətə icra edilməyən məhkəmə qərarları vardır.

 

4. Təşkilat tərəfindən mütamadi aparılan məhkəmə monitorinqlərin nəticəsində monitorinq ekspertləri belə qənaətə gəliblər ki:
Bakı Apellyasiya məhkəməsinin Hakimləri: İsmayıl Xəlilov və Aygün Abdullayevanın işçilərə qarşı çıxardığı qərarlar əsassız və qanunsuz olmaqla, Əmək Məcəlləsinin tələblərini pozmaqla yalnız İşəgötürənin xeyrinə olur. Aygün Abdullayeva hətta Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etmədən belə işçinin əleyhinə qərarlar qəbul edir.