NHMT - 9 ildir ki, məhkəmə qərarını yerinə yetirməyən Gədəbəy rayon icra başçısı cəzasız qalıb

9 ildir ki, məhkəmə qərarını yerinə yetirməyən Gədəbəy rayon icra başçısı cəzasız qalıb

17 noyabr 2016, Bakı


90-cı ilin sonlarında ölkədə aparılan torpaq islahatları nəticəsində Gədəbəy rayonunun Arıqdam kəndinin sakinlərinə də torpaq sahələri verilmişdi. Lakin 2007-ci ildə Gədəbəy rayon icra hakimiyyəti və Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı şirkəti iddia ediblər ki, həmin torpaqlar guya, əvvəlcədən torpaq mülkiyyətçilərinə yox, qızıl zavoduna verilib (Mülkiyyətçilərdə Torpaq Aktı var), Və bu hesabdan da tələb ediblər ki, mülkiyyətçilər torpaqları geri qaytarsınlar. Bununla əlaqədar torpaq mülkiyyətçiləri məhkəməyə müraciət ediblər və Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən, Gədəbəy Rayonun Arıqdam kəndinin 150 nəfər mülkiyyətçisinin Dövlət Aktları ləğv edilmiş, bu torpaqlar dövlət mülkiyyətinə qaytarılmış və mülkiyyətçilərə verilmiş “əvvəlki torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında olan ölçülərə uyğun olaraq mülkiyyətçilərə başqa sahədən torpaq sahəsi ayrılması” Qərara alınmışdı. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi isə hələ də, müvafiq torpaq sahəsinin olmaması bəhanəsi ilə icra olunmayıb. Eyni zamanda rayon icra hakimiyyəti mülkiyyətçilərdən geri alınmış torpaq sahələrinin əvəzinə kompensasiya da ödəmək istəmir. Maraqlı odur ki, qızıl zavodunun mülkiyyətinə verilmiş kimi geri alınmış torpaqlar, icra hakimiyyətinə verilib, icra hakimiyyəti isə bu torpaqları qızıl zavoduna icarəyə verib.


Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli və 05.07.2012-ci il tarixli qətnaməsi həmin vaxtdan qanuni qüvvəyə minsə də və İcra vərəqi verilsə də Gədəbəy Rayon icra Hakimiyyəti məhkəmə qərarını hələ də yerinə yetirməmişdir. İcra hakimiyyəti “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 84.4-cü maddəsini pozaraq məhkəmə qətnaməsini yerinə yetirmir, mülkiyyətçilər isə, hələ də müxtəlif qurumlara şikayət etməklə öz qanuni hüquqlarının bərpasına çalışırlar!

 

Mülkiyyətçilərin hüquqlarını məhkəmədə NHMT hüqquqşünası Azər Quliyev müdafiə edir.