İqlim dəyişikliyinın aqrar sektora təsirinin azaldılması ilə bağlı təşəbbüslər
Beynəlxalq təcrübə və Azərbaycan üçün zəruri nəticələr
1. İqlim dəyişikliyinin aqrar sektora mümkün təsirləri
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən, ölkələr altı əsas istixana qazının azaldılmasına görə məsuliyyət daşıyırlar: karbon dioksid, metan, azot oksidi, hidroflorokarbonlar, perflorokarbonlar və kükürd heksafloriddir. Hazırda iqlim dəyişikliyinə ən çox təsir göstərən qaz karbon dioksid hesab olunur. CO₂-nin dünyada artmağa başlaması sənaye inqilabının başlanğıcı ilə əlaqələndirilir. Sənaye inqilabının əvvəlində 280 ppm olan karbon dioksid miqdarı daxili yanma mühərriklərinin və buna bağlı olaraq kömürün istifadəsi ilə artmağa başlamış, sonradan digər fosil yanacaqlara qədər uzanan prosesdə getdikcə yüksəlmişdir. Günümüzdə atmosferdəki karbon dioksid səviyyəsi tarixdə özünün ən yüksək göstəricisi olan 411 ppm-ə çatmışdır. Bu qazların yaratdığı istiləşmə təsiri nəticəsində, əgər Qrenlandiya buzlaqları tamamilə ərisə, dünya okeanlarının səviyyəsi 7 metr yüksələrək bir çox sahilyanı şəhərləri su altında qoyar[1].
Britaniyalı alimlərinin tədqiqatına görə, hətta hazırkı dövrdən etibarən atmosferə istixana qazı tullantıları atılmasa belə, qlobal temperatur qarşıdakı onilliklərdə 0,5°C-dən 1°C-yə qədər artmağa davam edəcək[2]. Son 100 ildə də antropogen fəaliyyətlər nəticəsində yaranan zəhərli qazların emissiyası səbəbindən qlobal iqlim təxminən 0,5°C istiləşib. Britaniya araşdırmaçılarının proqnozlarına əsasən, istixana qazı tullantılarını əhəmiyyətli dərəcədə azaltmaq üçün heç bir tədbir görülməsə, dünyada ən optimist ssenaridə növbəti əsrdə daha 1,4°C, ən pis ssenaridə isə 5,8°C istiləşəcək baş verəcək.
Bəşəriyyəti bu prosedə ən çox narahat edən məsələ iqlim dəyişikliyinin doğuracağı nəticələrdir. Xüsusilə də kənd təsərrüfatına təsirlər az qala 2,5 milyard insanın çalışdığı, bütün əhalinin ərzaq təhülkəsizliyini təmin edən strateji bir sahə olaraq daha ağır nəticələr doğura bilər. Dünya əhalisinin təxminən hər 3 nəfərindən 2 nəfərinin də kənd yaşayış məntəqələrində məskunlaşdığı nəzərə alındıqda, iqlim dəyişikliyinin aqrar sektora neqativ təsirlərinin nəticələrinin daha böyük miqyas aldığını söyləmək lazım gəlir. Çünki inkişaf etməkdə olan ölkələrdə aqrar sektor həmçinin əhalinin böyük əksəriyyətinin məşğulluğunun əsas mənbəyidir və bu səbəbdən sosial rifahı təmin edən mühüm sektor kimi çıxış edir. Odur ki, xüsusilə də kənd yerlərində yaşayan yoxsul insanlar iqlim dəyişikliyinin mənfi təsirlərini daha çox hiss edirlər və yaxın gələcəkdə daha çox hiss edəcəyi ilə bağlı gözləntilər yüksəkdir.
İqlim dəyişikliyinin kənd təsərrüfatı məhsullarına bioloji təsirləri birbaşa və dolayı təsirlər şəklində özünü göstərir.
Ekspertlər iqlim dəyişikliyinin aqrar sektora təsirlərini birbaşa və dolayı təsirlər kimi təsnif edirlər. Məsələn, temperaturun yüksəlməsi və yağıntı rejimindəki dəyişikliklər su resurslarının azalmasına səbəb olduğu üçün birbaşa təsir qrupuna aiddir. Tempraturun artması və istiləşmə bitkilərin suya tələbatını artırır və bu dolayı təsir adlandırılır.
Kənd təsərrüfatına iqlim dəyişikliyininin ən mühüm təsirlərindən biri quraqlığın artmasıdır. Quraqlığın səbəb olduğu suvarma suyu defisiti, yağıntıların azalması və s. ən ciddi fəsadlar hesab edilir. Kənd təsərrüfatı məhsullarının həm genetik (hibrid toxumlar), həm də ekoloji (əsasən qlobal iqlim dəyişikliyi) səbəblərdən keçmiş dövrlərlə müqayisədə həssaslığı daha da artıb. İqlim dəyişkliyi intensiv xarakter aldıqca, bir çox kənd təsərrüfatı məhsulları bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Temperaturun artması ilə kənd təsərrüfatında xəstəliklərin, zərərvericilərin və alaq otlarının çoxaldığını da göstərir. Bəzi araşdırmalara görə, temperaturun hər 1 °C artımı ilə zərərvericilər səbəbindən məhsul itkisi 10–25% artır. Temperaturun yüksəlməsi və rütubətin dəyişməsi zərərvericilərin çoxalmasını və miqrasiyasını sürətləndirir, kənd təsərrüfatının həssaslığını artırır.
Avropa Bilriyinin səlahiyyətli strukturlarının rəsmi açıqlamasına[3] görə, hazırda Birlik ölkələrinin kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi səbəbindən hər il 32 mlrd. dolllara yaxın itkiyə məruz qalır.
Zamam keçdikcə və uzunmüddətli perspektivdə iqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsullarının həm həcm etibarı ilə azalması, həm də keyfiyyətinin pisləşməsi ilə bağlı proqnozlar da mövcuddur. Tədqiqatlarda istilik, yağıntı və torpaq nəmliyindəki dəyişikliklərin bitki fiziologiyasına necə təsir edəcəyi, bu təsirlərin kənd təsərrüfatı istehsalına nə qədər təsir edəcəyi barədə dəqiq proqnozlara rast gəlmək mümkündür. Ümumi yanaşmalardan biri budur ki, istiləşmə səbəbindən şimal ölkələrində əlverişli iqlim şəraiti və kənd təsərrüfatı istehsalının artmasına töhfə verə biləcəyi halda, tropik bölgələrdəki inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Gəlirlərinin böyük bir hissəsini kənd təsərrüfatı məhsullarının ixracından əldə edən Afrika və Mərkəzi Amerika ölkələri qlobal istiləşmədən neqativ təsirlər görəcək. Məsələn, Filippin temperaturun 1°C artacağı ssenaridə düyü istehsalının 10 faizini itirə bilər. Cənubi Asiyada düyü istehsalının 14 faizdən çox, buğda istehsalının 40-45 faiz azalması ilə bağlı hesablamalar mövcuddur. Qlobal miqyasda isə temperaturun 1 °C artmasının dünya üzrə buğda istehsalını 6% azalda biləcəyi il bağlı proqnozlar var[4]. Eyni tədqiqata görə, Braziliyada qlobal istiləşmə hektara görə kənd təsərrüfatı məhsuldarlığını 18% azalda bilər. Hindistanda suvarılan şəraitdə qarğıdalı məhsuldarlığının 2021–2050-ci illərdə 10,58–23,39%, 2051–2080-ci illərdə isə 15,20–26,83% azalacağı proqnozlaşdırılır. Vyetnamda Mekong çay deltasında yağışla suvarılan düyünün məhsuldarlığının 36,5% azalacağı riski var.
Aqrar sektora iqlim dəyişikliyinin təsirlərini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) intensiv şəkildə izləyir və dəyərləndirmələr aparır. Təşkilatın ən son hesabatlarından[5] birində qeyd edilir ki, texnologiya və idarəetmə təcrübələrinin təkmilləşdirilməsi nəticəsində 1960-cı ildən etibarən əsas ərzaq bitkilərinin məhsuldarlığı 2,5–3 dəfə artsa da, qlobal istiləşmə meyilləri olmasaydı qarğıdalı və soya kimi bitkilərin məhsuldarlığı mövcud göstəricilərdən 4–6% daha yüksək olardı. Kənd təsərrüfatı istehsalına ən çox zərər vuran hadisələr arasında quraqlıqların tezliyi təxminən 2 dəfə artmışdı. Əgər 1971–1980-ci illərdə dünyda hər il quraqlıq 8 hadisə qeydə alınırdısa, 2011–2020-ci illərdə bu göstərici 16-ya yüksəlmişdir. Həmin dövrdə fırtınaların sayı 3,5 dəfəyə yaxın (ildə 29-dan 103-ə), daşqınların sayı 6 dəfə (ildə 27-dən 155-ə) çoxalmışdır. Ümumilikdə isə dünya üzrə təbii fəlakətlərin sayı 1970-ci illərdən bəri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 1971–1980-ci illər arasında dünyada orta hesabla ildə 92, 2011–2020-ci illərdə isə 372 hadisə qeydə alınmışdır. Fəlakətlərin iqtisadi dəyəri isə 1980–1999-cu illərdə 1,63 trilyon ABŞ dollarından 2000–2019-cu illərdə 2,97 trilyon ABŞ dollarına çatmışdır.
Ümumilikdə, dünya üzrə təbii fəlakətlərin sayı 1970-ci illərdən bəri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 1971–1980-ci illər arasında orta hesabla ildə 92 hadisə qeydə alınmışdırsa, 2011–2020-ci illərdə bu göstərici 372-yə yüksəlmişdir (Şəkil 1.1). Fəlakətlərin iqtisadi dəyəri isə 1980–1999-cu illərdə 1,63 trilyon ABŞ dollarından 2000–2019-cu illərdə 2,97 trilyon ABŞ dollarına çatmışdır. Hesabatda qeyd edilir ki, temperaturun yüksəlməsi çay axınlarının dəyişməsi, su hövzələrinin azalması və yeraltı suların yenilənmə sürətinin zəifləməsi nəticəsində mövcud su ehtiyatlarını azaldacaqdır. Bu isə dünya üzrə suvarılan əkin sahələrinin təxminən 40%-nə mənfi təsir göstərəcək.
Ekspertlərin gəldiyi ortaq qənaət budur ki, temperaturun yüksəlməsinin kənd təsərrüfatı istehsalına neqativ təsirlərini mümkün qədər azaltmaq üçün torpaqların strukturu və keyfiyyəti yeni şərtlərə uyğun əkinçilik sisteminin yaradılması vacidbdir. Eyni zamanda, son illər hökumətlər sektorun yeni iqlim şərtlərinə uyğunlaşmasını təmin etmək üçün zəruri strategiyalar hazırlayın həyata keçirir. Şübhəsiz ki, bu strategiyaların keyfiyyəti və onların effekriv icrası son dərəcə vacibdir. İdarəetmənin peşəkarlığından asılı olaraq ölkələrin hazırladıqları sənədlər də bir-birindən fərqlidir. Təqdim olunan analitik icmal məhz bu baxımdan Azərbaycan, İsrail və Niderland hökumətlərinin hazırladığı, aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyasını nəzərdə tutan sənədlərin müqayisəli analizini nəzərdə tutur.
2. Azərbaycanda aqrar sektorun mövcud durumu və iqlim dəyişikliyinə uyğunlaşma planı
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirmələrinə[6] görə, Azərbaycanda iqlim dəyişikliyinin əsas təsirləri su ehtiyatlarının azalması, quraqlıq və temperaturun artması kimi problemləri özündə göstərir. Su ehtiyatlarının azalması ilk növbədə məhsuldarlığın düşməsinə Pambıq, taxıl, və tütün kimi strateji məhsulların istehsalında bu risklər özünü daha qabarıq biruzə verir. Son illər havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8-10 % azalıb.
Rəsmi statistik hesabatları[7] analiz edəndə görünür ki, son 4-5 ildə aqrar sektorda böyümə tempi əhəmiyyətli dərəcədə zəifləyib, hətta 2025-ci ildə durğunluq qeydə alınıb. Aşağda təqdim olunan rəsmi məlumatlardan göründüyü kimi, 2015-2019-cu illərdə kənd təsərrüfatı istehsalının illik artım tempi xeyli yüksək olsa da, 2020-ci ildən başlayaraq böyümənin sürəti əhəmiyyəli dərəcədə yavaşlayıb.

Sektorda iqtisadi artım tempindəki müşahidə edilən yavaşlama ayrı-ayrı məhsulların həcmində, eləcə də kənd təsərrüfatı heyvanlarının sayındakı azalmada da özünü göstərib. Məsələn, 2019-2025-ci illərdə dənli bitkilərin istehsalında 164 min ton və ya 5%, o cümlədən buğda istehsalı 563 min ton yaxud 25% azalıb. Eyni zamanda, son 3-4 ilin dinamikasına nəzər yetirdikdə, kartof istehsalında 80 mindən çox (12%), tərəvəz istehsalında 60 min tona yaxın (3,2%), bostan məhsullarında 40 min ton (7%) azalma qeydə alınıb.
Rəsmi statistika heyvanların sayında kəskin azalma olduğunu göstərir. Məsələn, 2019-2025-ci illərdə iribuynuzlu mal-qaranın sayı 200 min başdan (10%) çox, xırdabuynuzlu heyvanların sayında isə 1 milyon baş (14%) azalma qeydə alınıb.
Mövcud şəraitdə Azərbaycan hökumətinin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması sahəsində yanaşmaları və planları mühüm əhəmiyyət kəsb edir. 2022-2026-cı illər üzrə Milli İnkişaf Strategiyasında[8] bu məsələ ilə bağlı ayrıca tədbir və hədəflər nəzərdə tutulmur. Lakin qeyd edilir ki, iqlim dəyişikliyinə həssas sektorlar üzrə milli adaptasiya planları hazırlanmalıdır. 2024-cü ildə ölkənin ilqim dəyişikliyinə dair bütün iqlimə həssas sektorları əhatə edən plan[9] hazırlanıb. Sənəddə qeyd edilir ki, adaptasiya qabiliyyəti sektorun bir tərəfdən real yaxud gözlənilən iqlim təsirlərinə qarşı itkiləri minimuma endirmək, digər tərəfdən isə tətbiq oluan stimullar sayəsində fayda əldə etmək imkanını göstərir. Plana görə, iqlim dəyişikliyinin Azərbaycan kənd təsərrüfatına real təsirləri artıq müşahidə edilir və gələcəkdə əkinçilik, heyvandarlıq, torpaq resursları bu təsirləri daha çox hiss edəcək. Azərbaycanın həssas ekoloji zonada yerləşməsini nəzərə alaraq, kənd təsərrüfatının iqlim dəyişikliyinə həssaslığının qiymətləndirilməsi sektorun dayanıqlılığı üçün tədbirlərin hazırlanması üçün vacib addımdır.
Fərqli bölgələrdə iqlim dəyişikliyinin təsirlərini öyrənmək, effektiv adaptasiya strategiyaları hazırlamaq və davamlı kənd təsərrüfatı inkişafını təşviq etmək elmi əsaslı qərar qəbul etməyə imkan verir. Azərbaycanda iqlim dəyişikliyinə həssaslıq qiymətləndirməsi nisbətən yeni sahə olmaqla, adaptasiya tədbirlərini dəstəkləyəcək geniş tədqiqat işlərinə ehtiyac duyur.
Sənəd müəllifləri hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin həyata keçirilməsində müəyyən məhdudiyyətlər və maneələr mövcuddur. Həmin məhdudiyyətlər və maneələr aşağıdakılardır:
- Risklərin və həssaslığın səviyyəsi barədə biliklərin azlığı;
- Zəruri texnologiyalara çıxışın məhdudluğu;
- Kənd təsərrüfatında iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə tədqiqatçıların azlığı;
- Aqrometeoroloji məlumat bazasının olmaması;
Adaptasiya Planına əsasən, əksər inkişaf etməkdə olan ölkələrdə əhali artımı və gəlirlərin yüksəlməsi qida və digər kənd təsərrüfatı məhsullarına olan tələbatı artırır. Digər tərəfdən, iqlim dəyişikliyi kənd təsərrüfatı istehsalı üçün getdikcə artan təhdid yaradır. Bu baxımdan kənd təsərrüfatı istehsal sistemləri qida təhlükəsizliyinin təmin olunması, davamlılığın əldə edilməsi və iqlim dəyişikliyinə adaptasiya kimi qarşılıqlı əlaqəli çağırışlara cavab vermək üçün əhəmiyyətli dəyişikliklər keçirməlidir. Eyni zamanda, kənd təsərrüfatı sektorunu sürətlə dəyişən ətraf mühit şərtlərinə hazırlamaq üçün aqrar sektordakı tullantılarının azaldılmasının və resurslardan istifadənin səmərəliliyi artırılmalıdır.
Adaptasiya Planında kənd təsərrüfatı üçün əsas məqsəd kimi kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə davamlılığının artırılması, məhsuldarlığın qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi müəyyən olunub. Bu məqsədə çatmaq üçün əsas strateji istiqamətlərə və hər bir istiqamə üzrə tədbirlərə isə aşağıdakılar daxildir:
- Torpaq münbitliyinin bərpası və qorunması. Bu istiqamət çərçivəsində əsas tədbirlər kimi qanunvericiliyin təkmilləşdirilməsi, deqradasiyaya məruz qalmış torpaqların bərpası, mühafizə təyinatlı meşə zolaqlarının salınması, otlaq normalarının tətbiqi, bioloji və qeyri-üzvi gübrələrin birgə istifadəsi, çoxillik bitki örtüyündən istifadə daxildir;
- İsti və quraq iqlim risklərinin azaldılması. Bu strateji istiqamət çərçivəsində quraqlığa və şoranlığa davamlı sortlardan istifadə, əkin təqviminin optimallaşdırılması, səpinqabağı hazırlıq tədbirlərinin gücləndirilməsi, suvarma və gübrələmənin mövsümə uyğun tənzimlənməsi kimi təddbirlərin həyata keçirilməsi nəzərdə tutulur;
- Heyvandarlıqda stress faktorlarının azaldılması. Bu istiqamətə istiyədavamlı cinslərin seçilməsi, yem keyfiyyətinin yaxşılaşdırılması, içməli su mənbələrinin inkişafı kimi tədbirlər daxildir;
- Zərərvericilər və xəstəliklərlə mübarizə. Bu strateji istiqamət çərçivəsində vaxtlı-vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi, davamlı sortların yaradılması və tətbiqi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
- Biomüxtəlifliyin qorunması. Bu istiqamətə sahil mühafizə zonalarının yaradılması, bufer zonaların təşkili və belə zonalara dövlət dəstəyi kimi tədbirlər daxildir;
- İdarəetmə sisteminin təkmilləşdirilməsi. Bu strateji istiqamət çərçivəsində inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin yaradılması və aqromeşəçilik sistemlərinin inkişafı kimi tədbirlər nəzərdə tutulur;
- Dövlət dəstəyi və maarifləndirmə. Bu istiqamətə təlim və seminarların təşkili, subsidiya və kredit mexanizmlərinin tətbiqi, rəqəmsal həllərin və proqram təminatının təşviqi kimi tədbirlər daxildir.
Azərbaycan üçün hazırlanmış planın iqlim dəyişikliyinin aqrar sektora təsirlərini neytrallaşdırmaq baxımından nə dərəcədə əhatəli hazırlandığını aşağıda təqdim olunan ölkə təcrübələrinə diqqət yetirməklə qiymətləndirmək mümkündür.
3. Kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyası ilə bağlı nümunələr: İsrail və Niderland təcrübələri
Hazırkı mərhələdə dünyada aqrar sektoru iqlim dəyişikliyinə adaptasiyası sahəsində adaptasiya planları hazırlayan və həyata keçirən onlarla ölkə var. Lakin nümunələrin öyrənilməsi baxımından 2 ölkə seçilməsi lazım gəlsə, tərəddüd etmədən İsrail və Niderlandın təcrübəsinə müraciət etmək Azərbaycan üçün faydalı ola bilər. Təkcə ona görə yox ki, hər 2 ölkə Azərbaycan kimi məhdud torpaq resursları əsasında özlərinin ərzaq təhlükəsizliyini təmin etməyə məhkundurlar. Onlar həm də çox qıt torpaq resursları ilə nəinki ərzaq təminatına nail olublar, eləcə də dünyada qida və kənd təsərrüfatı məhullarının ixracatında da mövqe qazanıblar. Üstəlik, hər 2 ölkə aqrar sektorda qabaqcıl texnologiyaların tətbiqində böyük uğurlara imza atıb. Spesifik yanaşıldıqda isə, İsrail daima su resurslarının son dərəcə məhdudluğunu yaşıyan bir ölkə olmasına baxmayaraq unikal su təchizatı və texnologoyaları sayəsində aqrar sektorun ehtiyaclarını kəsintisiz qarşılamağı təmin edib. Söhbət təkcə indi xeyli ölkədə geniş istifadə olunan “damcı suvarma sistemi”nin çox uzun illərdir tətbiqindən getmir. Eyni zamanda, sensorlar, peyk və dron texnologiyaları vasitəsilə resursların optimal paylanması, quraqlığa davamlı bitki sortları ilə bağlı tədqiqatlar və onların geniş tətbiqi, təkrar emal edilmiş tullantı sularından kənd təsərrüfatında geniş istifadə sahəsində İsrail mükəmməl təcrübəyə malikdir.
Niderland isə aşağıdakı 3 mühüm istiqamətdə mühüm uğurlar əldə edib:
1. Su və torpaq sistemlərinin iqlim stressləri qarşısında dayanıqlığının artırılması. Niderlandın həyata keçirilən tədbirlər və yaradılan infrastruktur aqrar sektorda su balansının qorunmasına və torpağın davamlı işlənməsinə sistemli yanaşma təqdim edir. Rəqəmsal su idarəetməsi, böyük sututarlardan ibarət şəbəkə, geniş ərazidə su bəndlərinin qurulması sayəsində susuzluq və sel kimi ekstremal hadisələrə qarşı müqavimət artırılıb. Bu da məhsuldarlığın daha sabit olmasına və risklərin azaldılmasına töhfə verir.
2. Yüksək texnologiyalı və dayanıqlı kənd təsərrüfatı innovasiyalarının tətbiqi. Ağıllı kənd təsərrüfatı texnologiyalarını geniş tətbiqi sayəsində fermerlər sensorlar, peyk və dronlar vasitəsilə su, gübrə və pestisidlərin effektiv istifadəsinə nail olublar. Suyun 85 %-dən çoxu təkrar istifadə olunmaq üçün yararlı hala gətirlir, biogaz istehsalı üçün orqanik tullantıların istifadə geniş tətbiq edilir.
3. Beynəlxalq liderlik və bilik paylaşımı vasitəsilə aqrar dayanıqlığın artırılması. Niderland həm öz daxilində, həm də beynəlxalq səviyyədə aqrar sekrorun iqlim dəyişikliyinə adaptasiyası sahəsində bilik və resurs mübadiləsi sahəsində lider ölkələrdən biridir. Ölkə iqlim həssaslığı olan ağıllı kənd təsərrüfatı sahəsində qlobal koalisiya və proqramlarda aparıcı rol alır.
Hər 2 ölkə 2024-cü ildə aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılmasına dair milli plan qəbul edib. İsrailin Uyğunlaşdırma Planında[10] bir neçə mühüm strateji istiqamət müəyyən edilib. Bura bitkiçilik və heyvandarlıq sektorlarında iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatına keçid, bitkiçilik və heyvandarlığın iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün elmi-tədqiqat və innovasiyalara investisiyaların artırılması, kənd təsərrüfatında təbii fəlakətlərin sığortası fondunun gücləndirilməsi və bitkiçilik və heyvandarlıqda zərərvericilərin məhv edilməsi daxildir.
İsrail hökumətinin hazırladığı planın Azərbaycan üçün hazırlanan sənəddən ən mühüm fərqi budur ki, hər bir strateji istiqamət yalnız ümumi fəaliyyətlərə ayrılmır, eləcə də hər bir fəaliyyət çərçivəsində hansı konkret tədbirlərin və layihələrin həyata keçiriləcəyi də göstərilib. Eləcə də hər bir məqsəd üzrə ümumi büdcə və onu konkret tədbirlər üzrə bölgüsü də açıqlanıb. Məsələn, sektorda tərəqqiyə nail olmaq üçün uyğunlaşma yönümlü startapların inteqrasiyası, müvafiq problemlərin xəritələndirilməsi və prioritetləşdirilməsi konkret tədbirdir. Bunların icrası ümumi büdcəsi 50 milyon İsrail şekeli (İLS) müəyyən olunub.
İsrailin İqlim Dəyişikliyinə Uyğunlaşdırma üzrə Milli Planında aqrar sektorla bağlı müəyyən edilən əsas tədbirlər aşağıdakılardır:
- İşəgötürənlərin innovativ texnologiyalardan istifadə üçün təlim proqramları hazırlamasına və maliyyələşdirməsinə təşviq edilməsi;
- Kənd təsərrüfatı torpaqlarının maksimum dərəcədə qorunması;
- Genetik alətlərin hazırlanması, uyğunlaşdırılması və tətbiqi, iqlimə uyğun bitki sortları və heyvan cinslərinin yaradılması;
- İqlimə davamlı sortların gələcək inkişafı və genetik müxtəlifliyin qorunması üçün milli infrastruktur kimi İsrail Bitki Gen Bankının inkişafı;
- Daşqın zonalarının idarə olunması üçün təlimatların hazırlanması;
- Bitki və heyvandarlığın iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün elmi-tədqiqat və innovasiyalara investisiyaların artırılması;
- Tədqiqat layihələri və infrastrukturu, uyğun kadrların hazırlanması və inkişafı daxil olmaqla fundamental tədqiqatlara investisiya qouluşlarının dəstəklənməsi;
- Bitkiçilik və heyvandarlıqda zərərvericilərin məhv edilməsiaradan qaldırılması;
- Təbii su mənbələrinin mühafizəsi və bərpası;
- İqlim dəyişikliyi ilə mübarizə üçün texnoloji həllərin (su idarəçiliyi, mühafizəedici və regenerativ kənd təsərrüfatı, bitki və heyvanlar üçün soyutma və kölgəyaradıcı sistemlərin) tətbiqi
- Bitki modelləri, iqtisadi modellər, fermer təcrübəsi və beynəlxalq təcrübə əsasında kənd təsərrüfatı məhsulları üzrə risk qiymətləndirilməsinin hazırlanması;
- Qabaqcıl kənd təsərrüfatı texnologiyalarının hazırlanması və tətbiqi üçün tətbiqi tədqiqatların və pilot layihələrin maliyyələşdirilməsi
- Fermerlərin iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatına keçidini təşviq etmək məqsədilə stimullaşdırma və dəstək tədbirlərinin həyata keçirilməsi;
- Fermerlərin iqlimlə bağlı zərərlərin qarşısının alınması və ya azaldılması tədbirlərinə investisiya etməsi üçün stimulların verilməsi;
- Fırtına, quraqlıq və daşqınlar iqlim risklərinin artması ilə bağlı sığorta haqlarının subsidiyalaşdırılması üçün dövlət xərclərinin artırılması;
- Epidemioloji-iqlim modellərinə əsaslanaraq əsas zərərvericilərin yayılmasının proqnozlaşdırılması (risk qiymətləndirilməsi);
- Mövcud və yeni zərərvericilərlə mübarizə planlarının hazırlanması;
- Zərərvericilərin hədəf növlərinin seçilməsi üçün monitorinq üçün məkan və zamanın, zərərvericilərin yayılma arealının müəyyənləşdirilməsi, onların daha geniş yayılmasının qarşısının alınması üçün tədqiqat və araşdırmaların aparılması;
- Zərərvericlərlə bağlı monitorinqlərdən toplanmış məlumatların sinxronlaşdırılması, kateqoriyalaşdırılması və iqlim məlumatları (temperatur, yağıntı, külək, torpaq növü və s.) ilə inteqrasiyası;
- İsraildə mövcud və yeni zərərvericilərin müəyyənləşdirilməsi metodlarının təkmilləşdirilməsi;
- Canlı heyvan daşımalarının nümunəvi monitorinqi, zoonoz xəstəliklər də daxil olmaqla, insan və heyvan sağlamlığı üçün risk yarada biləcək xəstəliklərin erkən aşkarlanması.
Sənəddə hər bir fəaliyyətin həyata keçirilməsi üçün mümkün maneələr də qiymətləndirilir. Məsələn, yeni əkinçilik təcrübələrinin tətbiqi və ya daha dayanıqlı texnologiya və bitkilərin istifadəsi üçün tələb olunan izafi xərclərin fermerlərin hamısının qarşılaya bilməməsi riski var. Yaxud sığorta risklərinin qiymətləndirilməsi prosesləri mürəkkəb olduğu üçün fermerlər əhatə şərtlərini və prosedurları başa düşməkdə çətinlik çəkə bilərlər.
Niderland Milli Uyğunlaşma Planında[11] da aqrar sektorla bağlı tədbirlərə dair ayrıca bir bölmə var və bu fəaliyyətlər ətraf mühitin sağlamlaşdırılması tədbirləri ilə inteqrasiya edilmiş formada işlənib hazırlanıb. Sənəddə əsas strateji istiqamətlərdən biri kimi “İqlimə davamlı kənd təsərrüfatı”nın yaradılması müəyyən edilib. Plan müəlliflərinin yanaşmasına təsbitinə görə 2017-2022-ci illərdə ölkənin kənd təsərrüfatı sektoru əvvəlcə intensiv dolu yağışlarının, ardınca 3 il dalbadal quraqlığın təsirinə məruz qalıb , sonra isə yenidən daşqınlar və quraqlıq bir-birini əvələyib. Qeyd edilir ki, daşqınlar əsasən çay hövzələrində və bəzi dağlıq əraziləridə risk yaradırsa, güclü yağışlar ölkənin hər yerində selə səbəb ola bilir. Quraqlıq xüsusilə ölkənin şərq və cənubundakı qumlu yüksəkliklərdə ciddi problemdir və bütün sahələrə təsir edir. Duzlaşma dəniz səviyyəsinin qalxması, quraqlıq və torpaq çökməsi nəticəsində qərb və şimal sahillərində mühüm problemə çevrilmişdir. Meyvə bitkiləri gecə şaxtası, istilik və güclü günəş işığı riskinə məruz qalır. Ekstremal hava şəraiti heyvandarlığa da təsir göstərir. Yüksək temperatur heyvanlarda istilik stressi yaradır, yem məhsuldarlığını azaldır və heyvanların daha çox qapalı şəraitdə saxlanmasına səbəb olur. Torpaq çökməsi və duzlaşma isə bataqlıq ərazilərdə yerləşən fermalara təsir edir.
Plana görə, bu strateji istiqamətin məqsədlərinə çatması üçün əsas uyğunlaşdırma tədbirləri kimi torpaqda suyun saxlanması texnologiyalarının yaxşılaşdırılmasına, heyvanlarda istilik stressinin azaldılmasına, quraqlığa, duza və istiyə davamlı bitkilərin əkilməsi, meyvə bağları üçün avtomatik örtüklərdən istifadə, bataqlıq ərazilərdə düyü, qamış, zoğal və s. kimi əkinlərin artırılması daxdildir.
Bunlardan əlavə, Kənd Təsərrüfatı Nazirliyi bütün maraq qrupları ilə birlikdə fermerlər üçün ünvanlı məlumatlandırma kampaniyası təşkil etməklə hava şəraitinə qarşı sığortadan istifadə edənlərin sayı artsın. Daha çox sığortalanmış təsərrüfat ekstremal hava hadisələri zamanı fermerlərin də daha çox dəstək almasını təmin edəcək.
Başqa bir mühüm tədbir kimi quraqlıq zamanı bitkilərin tez qurumasının qarşısını almaq və yeraltı su ehtiyatlarını artırmaq məqsədilə torpaqların sağlamlaşdırılmasını və yağış sularının torpağın daha dərin qatlarına hopmasını təmin etməkdir. Buna nail olmaq üçün müxtəlif yanaşma və texnologiyalardan istifadə nəzərdə tutulur. Məsələn, torpağı boş saxlamamaq üçün hətta qışda fəsilə uyğun bitkilərin əkilməsi, torpağa təbii gübrələrin verilməsi, torpağın dərin və intensiv şumlanamasından imtina edilməsi, torpağı açıq havadan qorumaq üçün saman, yarpaq və ya digər örtüklərdən istifadə edilməsi, torpaqda suyun tədricən toplanmasını və ya səthin su ilə dolmasının qarşısını almaq üçün kanalların, yağış suyu üçün çuxurların və kiçik gölməçələr qurulması bura daxildir.
Planda nəzərdə tutulan başqa bir tədbir tədqiqat və innovasiya vasitəsilə şimal və qərb gil torpaq bölgələrində fəaliyyət göstərən təsərrüfatların şoranlaşma ilə mübarizə aparmasına strategiyalar hazırlamaqdır. Strategiyada bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərə alınacaq. Məsələn, drenaj sistemi vasitəsilə torpaqda yığılan duzlu suyun kənarlaşdırılması, müəyyən müddətdən bir torpağın sirin su ilə yuyulması kimi ənənəvi yanaşmalardan başqa aqrar sektorun şoranlşmaya adaptasiyası da diqqət mərkəzindədir. Bu, arpa, çuğundur, yonca, düyü (bəzi növləri), pomidor (duzadavamlı sortları) kimi bitkilərin əkin sahələrinin artırılmasını, seleksiya və genetik tədqiqatların sayəsində yeni duzadavamlı sortların yaradılmasını nəzərdə tutur. Qeyd olunanlarla yanaşı, şoran zonaların xəritələşdirilməsi hesabına risk sahələrinin dəqiq müəyyən edilməsi, dəniz sularının əkin sahələrə yayılmasının qarşısını alan bufer zonaların yaradılması kimi təşəbbüslər də yer alacaq.
Niderland hökumətinin hazırladığı uyğunlaşdırma planı iqlimə həssas aqrar sektorun və iqlim dəyişikliyinə davamlı təbiətin yaradılmasına bir arada nəzərdən keçirir. Hesab edilir ki, quraqlıq və daha quru hava şəraiti səbəbindən təbii mühitin bir hissəsini itirilir və ölkədə yerli bitkilərin 40 faizi quraqlıq səbəbilə risk altındadır. Bataqlıq torpaqların quruması əlavə karbon qazı emissiyasına səbəb olur ki, bu da ekosistemin təbii tarazlığını pozur. Bütün bunları nəzərə alaraq, Plan çərçivəsində təbii mühitin uyğunlaşması ilə bağlı ayrıca strategiya hazırlanacaq.
4. Analizin əsas nəticələri və Azərbaycan üçün təkliflər
Azərbaycanın Uyğunlaşdıma Planında torpaq münbitliyinin bərpası və qorunması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, deqradasiyaya məruz qalmış torpaqların bərpası, mühafizə təyinatlı meşə zolaqlarının, otlaq normalarının tətbiqi və s. nəzərdə tutulur. Eyni məqsəd üçün İsrail və Niderlandın təcrübələrəindən Azərbaycan üçün maraqlı ola biləcək tədbirlər bunlardır:
Torpaqların davamlı və genişmiqyaslı monitorinq əsasında risklərin müəyyən edilməsi, quraqlığa davamlı torpaq idarəçiliyinin formalaşdırılması, damla suvarma ilə torpağın nəmləndirilməsi, bioloji gübrələrin effektiv istifadəsi (İsrail Uyğunlaşdırma Planı), torpaq sağlamlaşıdırılması və keyfiyyətinin artırılması proqramların həyata keçirilməsi, intensiv gübrələmənin aparılması, növbəli əkin sisteminin tətbiqi, torpaq eroziyasına qarşı drenaj infrastrukturundan geniş istifadə (Nideralnd Uyğunlaşdırma Planı).
Müqayisəli analiz aprıldıqda, Azərbaycan üçün torpaq monitorinq sistemlərinin və rəqəmsal torpaq xəritələri geniş tətbiqinə, dövri və planlı dövri gübrələmə strategiyasının genişləndirilməsinə ehtiyac olduğu üzə çıxır. Öz növbəsində, torpağın nəmsaxlayıcı qabiliyyətini artıran infrastruktur tədbirləri (su kanalları, drenaj sistemi) ilə bağlı Azərbaycanın Uyğunlaşdırmı Planında spesifik məqamlar əks etdirilməyib.
Azərbaycan həyata keçirməyi hədəflədiyi ikinci mühüm istiqamət isti və quraq iqlim risklərinin azaldılmasıdır. Bu istiqamət çərçivəsində quraqlığa və şoranlığa davamlı sortların əkilməsi, əkin təqviminin optimallaşdırılması, suvarma və gübrələmənin mövsümə uyğun tənzimlənməsi nəzərdə tutulur. Müqayisə obyekti kimi seçilmiş 2(iki) ölkənin Planında Azərbaycan üçün maraqlı və zəruri görünən tədbirlər bunlardır: damla suvarmadan geniş istifadə, suyun təkrar istifadəsi, quraqlığa davamlı bitki sortları, peyk və sensor əsaslı suvarma idarəçiliyi (İsrailin Uyğunlaşdırma Planı), su stressinə qarşı planlı su idarəetməsi, mövsümi əkin planlaması, adaptasiya olunmuş məhsul sortları, hava proqnozları əsasında becərmə tədbirlərının zaman baxımından uyğunlaşdırılması (Niderland Uyğunlaşdırma Planı).
Bu təcrübələrdən yanaşdıqda, Azərbaycanda rəqəmsal suvarma və sensor texnologiyaları tətbiqinin genişləndirilməsinə, mövsümi əkin planlaması üçün real vaxt rejmində iqlim məlumatlarının inteqrasiyasına, quraqlığa davamlı sortların intensiv tədqiqinə və kommersiyalaşdırılmasına ehtiyac var.
Azərbaycanın Uyğunlaşdırma Planında nəzərdə tutulan məsələlərdən biri heyvandarlıqda stress faktorlarının azaldılmasıdır və bu məqsədlər istiyədavamlı cinslərin seçilməsi və yem keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Niderlandın və İsrailin təcrübəsindən əlavə olaraq götürülə biləsi müəyyən təşəbbüslər var. Məsələn, yem istehsalının iqlimə uyğunlaşdırılması (daha az suya tələbatı olan və məhsuldar yem bitkilərinin becərilməsi), heyvandarlıq üçün iqlimə uyğun istixana və qoruyucu infrastrukturun qurulması, yem rotasiyası və biotexnoloji yem əlavələrindən, temperatur və rütubət sensorlarından istifadə kimi təşəbbüsləri də nəzərdən keçirmək olar.
Azərbaycan hökumətinin bəzərdə tutduğu istiqamətlərdən biri də zərərvericilər və xəstəliklərlə mübarizə tədbirlərinin həyata keçirilməsidir. Bura vaxtlı-vaxtında mübarizə tədbirləri, davamlı sortların yaradılması və tətbiqi daxildir. İsrail və Niderland inteqrasiya olunmuş zərərverici idarəetməsi (IPM), bioloji nəzarət, sensor və proqnoz sistemləri, dron və peyk texnologiyası ilə xəstəliklərin və zərərvericilərin erkən aşkarlanması, bioloji nəzarət agentləri kimi qabaqcıl texnologiyalar və sistemlər tətbiq edir. Azərbaycan Uyğunlaşdırma Planında rəqəmsal monitorinq və proqnoz sistemləri əks olunmayıb və ayrıca istiqamət kimi nəzərdə tutula bilər.
Azərbaycanın uyğunlaşma Planında istiqamətlərdən biri biomüxtəlifliyin qorunmasıdır. Bu istiqamət çərçivəsində sahil mühafizə zonalarının yaradılması, bufer zonaların təşkili və bu layihələrə dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur. İsrail və Niderland əlavə olaraq inteqrasiya edilmiş aqrar-ətraf mühit proqramlarının reallaşdırılması, ferma səviyyəsində biomüxtəlifliyin təşviqi, tullantıların təkrar istifadəsi və qida zəncirinə inteqrasiyası kimi təşəbbüslər həyata keçirir. Bunları nəzərə aldıqda, Azərbaycanda fermer təsərrüfatları səviyyəsində biomüxtəlifliyin təşviqinin olamdığı və ekosistem xidmətlərinin inteqrasiyası hələ çox zəif olduğu aydın görünür. Ekosistem xidmətlərinin inteqrasiyası dedikdə, təchizat xidmətlərinin (məsələn, dərman bitkilərinin becərilməsi), tənzimləyici xidmətlərin (sel və daşqının qarşısının alınması, torpaq eroziyasına qarşı tədbirlər və s.), dəstəkləyici xidmətlərin (bitkilərin tozlanmasına dəstək, qida maddələrinin təkrar emalı) və mədəni xidmətlərin (turizm və istirahətin təşkili) əlaqələndirilməsini nəzərdə tutur. Məsələn, meşələrin bərpası və yeni sahələrin salınmasının, çiçək plantasiyaları salmaqla arıların tozlanmada fəallığının artırılmasının, daşqın və selə qarşı tədbirlərin ətraf mühitlə bağlı aqrar sektora hansı təsirləri göstərəcəyi əvvəlcədən qiymətləndirilir, kənd təsərrüfatı ilə ilə bağlı planlaşdırmada nəzərə alınır. Bu baxımdan, Uyğunlaşdırma Planına torpaq və su idarəetməsinə biomüxtəliflik indikatorlarının daxil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Nəhayət, Azərbaycanın Uyğunlaşdırma Planında daha bir istiqamət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət dəstəyinin artırılması və maarifləndirmədir. Planda inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin yaradılması və aqromeşəçilik sistemlərinin inkişafı, təlim və seminarların təşkili, subsidiya və kredit mexanizmlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. İsrail və Niderland təcrübəsindən öyrənilməsi vacib olan mühüm məqamlar bunlardır: su və torpaq idarəçiliyində milli və regional koordinasiya mexanizmlərinin işləkliyi, fermer-texnologiya inteqrasiyası, bütün maraq qruplarının prosesdə aktiv iştirakçılığı, regional proqramlarla Uyunlaşdırma Planın inteqrasiyası və s.
Israil və Niderlandla yanaşı Türkiyənin və bir sıra başqa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölklərinin də aqrar sektorun iqlim dəyişikliyinə adaptasiyası ilə bağlı mühüm tədbirləri öyrənilə və Azərbaycan şərtlərinə uyğun olanları seçilib tətbiq edilə bilər. Məsələn, Türkiyə təcrübəsində[12] həyata keçirilməsi nəzərdə tutulan cəlbedici təşəbbüslər bunlardır: torpaqda karbonun toplanıb zərərsizləşdirilməsi məqsədilə əkin sahələrinin və otlaqların düzgün idarə olunması, kənd təsərrüfatı təyinatlı torflu torpaqların və deqradasiyaya uğramış ərazilərin bərpası, N₂O emissiyalarını azaltmaq üçün azotlu gübrələrin təkmilləşdirilmiş üsullarının tətbiqi, torpaq sürüşmələrinin qarşısını almaq və su axınını tənzimləmək məqsədilə meşələrin qorunması və bərpası, yağmur sularının yığılması, torpaq səthinin daim örtülü saxlanılması, qoruyucu külək sədlərinin yaradılması (ağac, kol və ot bitkilərinin külək istiqamətinə perpendikulyar şəkildə əkilməsi), kiçik və nizamsız əkin sahələrinin birləşdirilməsi sayəsundə becərmə məsrəflərinin azaldırlması, təbii fəlakətlərə qarşı sığorta mexanizmlərinin genişləndirilməsi və s.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ( İƏİT) isə hökumətlərə uyğunlaşma ilə bağlı daha geniş və şaxələndirilmiş fəaliyyət istiqamətləri təklif edir[13]. Bu istiqamələrə daxildir: infrastrukturun inkişafı və mütərəqqi texnoloji yanaşmaların tətbiqi, fermer təsərrüfatlarında suvarma və drenaj infrastrukturuna investisiya qoyuluşularının artırılması, fərdi su anbarlarının yaradılması, regional əhəmiyyətli su infrastrukturuna investisiya qoyuluşlarının artırılması, daşqınlara nəzarət sistemlərinin quraşdırılması, su anbarlarının və kanalların tikintisi, ağac bitkiləri üçün iqlimə nəzarət örtüklərinin quraşdırılması, heyvanlarda istilik stresinin qarşısını almaq üçün suvarma və havalandırma sistemlərinin yaradılması, fermer davranışlarında dəyişikliklərin təşviq edilməsi, əkin tarixlərinin tənzimlənməsi və becərmə zamanlarının dəyişdirilməsi, heyvanlara qulluq və tullantı idarəetməsində dəyişikliklər, bitkiçilik və heyvandarlıqda zərərverici, xəstəlik və invaziv növlərin idarə olunması, qərarvermənin yaxşılaşdırılması üçün iqlim məlumatlarının keyfiyyətinin artırılması, erkən xəbərdarlıq sistemlərinin inkşaf etdirilməsi, iqlim risklərini əhatə edən sığorta mexanizmlərinin yaradılması və ya genişləndirilməsi, sığortadan başqa digər maliyyə alətlərindən, məsələn, fəlakətdən sonrakı bərpa fondlarının istifadəsi, həmçinin müxtəlif uyğunlaşma fəaliyyətlərini dəstəkləyən maliyyə proqramları və s.
Hazırladı
NHMT İB ekspert qrupu
[1] https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/207FDBAEE21E4A978CBF3D824420A02B
[2] https://dergipark.org.tr/tr/download/article-file/86091
[3] https://www.reuters.com/sustainability/cop/extreme-weather-costs-eu-farmers-28-billion-euros-year-eu-says-2025-05-20/
[4] https://link.springer.com/article/10.1007/s43621-025-01229-2
[5] https://www.oecd.org/content/dam/oecd/en/publications/reports/2023/10/agricultural-policy-monitoring-and-evaluation-2023_7cc05c6a/b14de474-en.pdf
[6] https://report.az/ask/nazir-iqlim-deyisikliyinin-aqrar-saheye-ciddi-menfi-tesiri-musahide-olunur
[7] https://www.stat.gov.az/source/agriculture/
[8] https://e-qanun.az/framework/50013
[9] https://unfccc.int/sites/default/files/resource/2024_NAP_Azerbaijan.pdf
[10] https://unfccc.int/sites/default/files/resource/NAP_Israel_2025_ENG.pdf
[11] https://unfccc.int/sites/default/files/resource/2025_NAP_Netherlands.pdf
[12]https://www.tarimorman.gov.tr/TRGM/Belgeler/%C4%B0klim%20De%C4%9Fi%C5%9Fikli%C4%9Fi%20ve%20Tar%C4%B1m.pdf
[13]https://www.oecd.org/content/dam/oecd/en/publications/reports/2023/07/climate-change-adaptation-policies-to-foster-resilience-in-agriculture_5b19ff66/5fa2c770-en.pdf








