NHMT - Lənkəran, Astara və Masallı rayonlarında əhalinin hüquqi yardım almaq imkanlarının qiymətləndirilməsinə dair sorğunun nəticələrinin Analizi

Lənkəran, Astara və Masallı rayonlarında əhalinin hüquqi yardım almaq imkanlarının qiymətləndirilməsinə dair sorğunun nəticələrinin Analizi

Lənkəran, Astara və Masallı rayonlarında əhalinin hüquqi yardım almaq imkanlarının qiymətləndirilməsinə dair sorğunun nəticələrinin Analizi

 

Ölkənin cənub regionunda vətəndaşların hüquqi yardım almaq, həmçinin pulsuz hüquqi xidmətlər əldə etmək məqsədi ilə Lənkəran, Masallı və Astara rayonlarında 500 nəfər sakin arasında sorğu keçirilib. Respondentlərin 292 nəfəri və ya 58.4%-i kənd ərazilərində, 208 nəfəri və ya 41.6%-i isə rayon mərkəzlərində (şəhərlərdə) yaşayan əhali arasında keçirilib.

Sorğuya cəb edilənlərin 170 nəfəri Lənkəran, 165 nəfəri Masallı, 165 nəfəri isə Astara rayonunun sakinləri olub.

 

1. Sorğu iştirakçılarının sosial-demoqrafik strukturu

 

Respondentlərin 38 %-i və 188 nəfəri 35 yaşadək, 35%-i və ya 175 nəfəri 36-50 yaş intervalında olan şəxslər, 27%-i yaxud 137 nəfəri 50 yaşdan yuxarı şəxslər olub.

Respondentlərin yaş strukturu

 

Sorğuda iştirakçılarının 170 nəfərini (34%) qadınlar, 330 nəfərini (66%) kişilər təşkil edib. Öz növbəsində, onlardan 327 nəfəri (65.5%) orta, 120 nəfəri (24%), 53 nəfəri (10.5%-i) isə peşə və orta ixtisas təhsilli şəxslər olub.   

Sorğu zamanı respondentlərdən onların özlərini hansı məşğulluq statusuna  aid etdiyi dəqiqləşdirilib.

Məşğulluq vəziyyətinə görə respondentlərin bölgüsü

 

Sorğuya cəlb edilənlərin 255 nəfəri (51%) faktiki işləyən şəxs, 137 nəfəri (27.4%) işsiz, 54 nəfəri (10.8%)təqaüdçü, 37 nəfəri (7.4%) evdar xanım, 17 nəfəri (3.4%) tələbə kimi təqdim edib.

 

2. Əhalinin hüquqi  yardım xidmətlərinə ehtiyaclılıq səviyyəsi

 

İlk öncə sorğuya cəlb edilənlərdən hüquqi yardım almaqla bağlı qanuvericiliyin yaratdığı imkanlar barədə nə dərəcədə məlumatlı olub-olmadığı soruşulub.

Hüquqlarınızı qorumaq üçün hüquqi yardım almaq imkanları haqqında nə dərəcədə məlumatlısınız?

 

İştirakçıların yalnız 118 nəfəri və ya 23.6%-i “kifayət qədər məlumatım var” cavabını verib. 247 nəfər (49.4%) “qismən məlumatım var”, 135 nəfər (27%) “ümumiyyətlə məlumatım yoxdur” söyləyib.      

Sorğuya cəlb edilənlərdən onların gündəlik həyatında hüquqi yardım xidmətlərinə nə dərəcə ehtiyac duyduqları barədə soruşulub.

Gündəlik həyatınızda  hüquqi yardım xidmətlərinə ehtiyac səviyyəsini necə qiymətləndirərdiniz?

 

Respondentlərin 351 nəfəri (70.2%) gündəlik həyatlarında hüquqi yardım xidmətlərinə nadir hallarda, 102 nəfəri (20.4%) isə daima ehtiyac hissə etdiklərini söyləyib. 47 nəfər (9.6%) qeyd edib ki, onların belə yardımlara ümumiyyətlə ehtiyacları olmur. Eyni zamanda, onlardan 256 nəfəri və ya 51.2%-i bildirib ki, hüquqi yardım xidmətlərinə nə son 1 ildə ehtiyacları olub, nə də hazırda belə bir ehtiyac hiss edirlər.

Amma vacib məqam odur ki, heç də həmişə yardıma ehtiyacı olanlar hüquqi yardım xidməti üçün müraciət etmirlər. Çünki bəzən məlumatsızlıq, bəzən xidmətin əlçatan olmaması, bəzi hallarda isə belə müraciətlərin effektiv olacağına inanmsızlıq insanları müraciətlərdən çəkindirə bilir. Ona görə də respondentlərə ünvanlanan daha bir sual nə zamansa hüquqi yardım xidmətləri üçün müraciət edib-etmədikləri ilə bağlı olub. Onlardan 328 nəfəri və ya 66%-i heç zaman müraciət etmədiklərini, 172 nəfəri (34%) isə ən azı bir dəfə müraciət etdiklərini qeyd ediblər. Əvvəlki sualdan güründüyü kimi, iştirakçıların 453 nəfəri və ya təxminən 90%-i müntəzəm və gec-gec də olsa, hüquqi yardım xidmətərinə ehtiyac olduqlarını qeyd ediblər.  

Bunu nəzərə alaraq respondentlərə dəqiqləşdirici bir sual da ünvanlanıb: ehtiyacınız olduğunuz halda hüquqi yardım xidməti üçün müraciət etmədiyiniz hallar olubmu və əgər olubsa hansı səbəbdən baş verib? Onlardan 75 nəfəri və ya 15%-i gerçəkdən ehtiyac duyduqları xidmət üçün müraciət edə bilmədiklərini qeyd ediblər. Onlar bunu müxtəlif səbəblərlə izah ediblər. Məsələn, hüquqları barədə məlumatsızlıq, xidmətlərin əlçatan olmaması, hüquqi xidmətləri pulsuz əldə edə bilməyəcəkləri barədə düşündükləri və belə maddi imkana sahib olmadıqları əsas çəkindirici səbəblər kimi qeyd olunub.  

Hansı sahədə hüquqi yardıma daha çox ehtiyac duyursunuz?

 

İnsanların ən çox hüquqi yardıma mülkiyyət məsələlərində ehtiyac duyduğu aydın olur – sorğu iştirakçılarının 163 nəfəri bunu qeyd edib.  Növbəti yerdə sosial imtiyazlar və müavinətlərin əldə edilməsi ilə hüquqi yardım xidmətləri gəlir – bunu 130 nəfər qeyd edib. Bunlardan əlavə, hüquqi yardım xidmətlərinə ən çox ehtiyac duyulan məsələlər kimi əmək münasibətlərinin tənzimlənməsi (64 nəfər), ailə mübahisələrinin həlli (52 nəfər), pensiyanın təyin edilməsi (47 nəfər), mənzil mübahisələri (34 nəfər) və s. kimi problemlərin həllinə yardım məsələləri qeyd olunub.

  

3. Əhalinin hüquqi  yardım üçün müraciətlərinin intensivliyi və müraciət üçün mövcud imkanlar

 

Sorğu iştirakçılarına ünvanlanan suallardan biri də ehtiyac duyduqları hüquqi yardımların növləri ilə bağlı olub.

Hüquqi yardımın daha çox hansı növünə ehtiyacınız olur?

 

Cavablardan aydın olur ki, bölgələrdə insanlar hüquqi yardıma ehtiyaclarını əsasən hüquqşünasların şifahi məsləhəti ilə bağlıdır  - bunu 130 nəfər bunu qeyd edib. Halbuki hüquqşünasların yazılı məsləhətinə ehtiyacı olanlar cəmi 32 nəfər olub. Hüquqi sənədlərin hazırlanmasını 125 nəfər, dövlət və bələdiyyə orqanlarında maraqların müdafiəsini 47 nəfər, məhkəmədə maraqların müdafiəsini 36 nəfər qeyd edib.

İndiyədək hüquqi yardım üçün müraciət etdiklərini qeyd edən 172 nəfər sorğu iştirakçısına belə bir sual ünvanlanıb ki, onlar hüquqi yardım üçün əsasən hansı ünvanlara müraciət ediblər.

Ötən dövrdə hüquqi yardım üçün bir qayda olaraq hansı ünvana müraciət etmisiniz?

 

Cavablardan aydın olur ki, insanlar əsasən özlərinin yaxın çevrələrində olan (qohum, dost, tanış və s.) hüquqşünasların xidmətindən yararlanmağa üstünlük verirlər – bunu 68 nəfər qeyd edib. Öz növbəsində 46 nəfər hüquq-müdafiə (QHT) təşkilatlarının, 37 nəfər vəkil bürolarının, 32 nəfəri hüquq məsləhətxanalarının, 15 nəfəri isə insan haqları üzrə müvəkkilin xidmətlərindən istifadə etdiyini vurğulayıb.

Bəs onlar aldıqları hüquqi yardım xidmətlərindən nə dərəcədə razı qalıblar? Verilən cavablar aşağıdakı kimi olub:

   

  • Tam razı qalmışam – 51 nəfər;
  • Qismən razı qalmışam- 73 nəfər;
  • Razı qalmamışam – 48 nəfər.

 

Qismən razı qalan və tamamilə razı qalmayan 121 nəfər respondentdən xidmətlərin niyə onların ehtiyaclarını istədikləri səviyyədə qarşılanmadığı soruşulub.

Hüquqi xidmətlərdən narazı qalmanızın əsas səbəbləri nələr olub?

 

İnsanların öz müraciətlərinə gec cavab alması ən çox qeyd olunan amil olub  - 38 cavab. Prosesin uzun çəkməsi (29 cavab), müraciət olunan hüquq məsləhətçisinin təcrübəsinin azlığı (26 cavab), sənədlərin tərtibində səhvlərə yol verilməsi (19 cavab), müraciətlərin (iddiaların) yetərli hüquqi dəlillər əsasında hazırlanmaması (18 cavab) xidmətlərdən məmnun qalmamanın əsas səbəbləri kimi vurğulanıb. 

 

4. Vəkillərin xidmətindən istifadə səviyyəsi

 

Sorğu çərçivəsində respondentlərin yaşadıqları ərazidə vəkillik xidmətlilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə cəhd edilib və aşağıdakı cavablar ortaya çıxıb:

Yaşadığınız  ərazidə vəkillik xidməti barədə məlumatınız varmı?

 

Bütün sorğu iştirakçılarından 181 nəfəri və ya 36.2%-i qeyd edib ki, ümumiyyətlə vəkil bürosunun olmadığını, 147 nəfəri (29.4%) bu barədə məlumatsız olduqlarını qeyd ediblər.  122 nəfər (24.4%) yalnız bir vəkil bürosu, 26 nəfər (5.2%) bir neçə vəkil bürosu fəaliyyət göstərdiyini, 24 nəfər (4.8%) isə vəkil bürosu olmadığını, yalnız sərbəst vəkillərin olduğunu bildiriblər.

Sorğu zamanı indiyədək müstəqil vəkillər və ya hüquq məsləhətxanaları vasitəsilə vəkillik xidmətindən istifadə edən 69 nəfər respondentdən soruşulub ki, onların müraciət etdiyi vəkillər harada fəaliyyət göstərib və verilən cavablar aşağıdakı kimi olub:

 

  • Paytaxtda –  9 nəfər:
  • Qonşu rayonda 10 nəfər;
  • Yaşadığım rayonda – 50 nəfər.

 

Hüquqi yardım üçün müraciət edən, lakin vəkillik xidmətindən yararlanmayan 103 nəfərdən nə üçün vəkillərin imkanlarından istifadə etmədikləri öyrənilib.

 

Əgər vəkillik xidmətindən istifadə etməmisinizsə, bunun səbəbini necə izah edərdiniz?

 

Bu suala cavab verən respondentərin yarısı – 52 nəfəri qeyd edib ki, vəkil xidməti bahadır və buna maddi imkanları yetərli deyil. Öz növbəsində, 28 nəfər vəkillərin məhkəmə qərarlarına təsirinin olmadığını, 23 nəfər isə vəkillərə inamlarının yoxluğunu əsas kimi göstəriblər.

Bəs insanlar pullu vəkillik xidmələrinin dəyəri barədə hansı səviyyədə məlumatlıdır? Sorğuya verilən cavablardan aydın olur ki, bu sahədə məlumatlılıq aşağıdır.

 

Cavablardan göründüyü kimi, respondentlərin cəmi 29 nəfəri (5.8%) vəkilin yazılı formada məsləhəti, 34 nəfəri (6.8%) şifahi məsləhəti, 48 nəfəri (9.6%)  məhkəmə çəkişməsinin sona qədər aparılması, 55 nəfəri (11%) yalnız bir məhkəmə instansiyasında çəkişmənin aparılması, 75 nəfəri (15%) hüquqi sənədlərin hazırlanması ilə bağlı vəkil xidmətərinin dəyəri barədə məlumatlı olduqlarını qeyd ediblər.

Xidmətlərin dəyəri barədə məlumatlı olduqlarını qeyd edən respondentlərdən vəkillii xidmətlərinin dəyəri barədə soruşulub və onların cavabları aşağıdakı kimi olub:

 

  • vəkilin yazılı formada məsləhəti -  50 -200 manat intervalında;
  • vəkilin şifahi məsləhəti – 50 – 100 manat intervalında; ;
  • hüquqi sənədlərin  (ərizə, iddianamə, vəsatət, şikayət) hazırlanması - 50-300 manat intervalında.
  • yalnız bir məhkəmə instansiyasında çəkişmənin aparılması – 150-500 manat intervalında;
  • məhkəmə çəkişməsinin sona qədər aparılması – 700 -2000 manat intervalında.

 

Cavablardan aydın olur ki, vəkillərin iş yükünün səviyyəsindən, nüfuzundan, peşəkarlığından, işin mürəkkəbliyindən, aldığı zamandan, müraciət edənlə tanışlıq səviyyəsindən, yaxud onun mövcud maddi imkanından asılı olaraq göstərdikləri xidmətlərin dəyəri də fərqlənir. 

 

Ödənişsiz hüquqi xidmətlərdən istifadə vəziyyəti və barədə əhalinin məlumatlılıq səviyyəsi

 

Mövcud qanunvericiliyə görə, vətəndaşların ödənişsiz hüquqi xidmət almaq imkanı da var. Bu imkan həm əhalinin müəyyən təbəqələrinə dövlət büdcəsinin maliyyəsi hesabına, həm də qeyri-kommersiya təşkilatları hesabına təmin edilir. Amma sorğu zamanı aydın olub ki, vətəndaşlaırn az hissəsi ödənişsiz hüquqi xidmət hüququnun olması barədə məlumatlıdır. Belə ki, “Ödənişsiz hüquqi xidmət almaq imkanları haqqında məlumatınız varmı?” sualına respondentlərin 179 nəfəri və ya 36%-i “bəli” cavabı verib. Əksinə 321 nəfər (36%) bu barədə hər hansı məlumatlarının olmadıqlarını qeyd ediblər.

Bu suala təsdiq cavabı verən respondentlərdən həmin məlumatları əsasən hansı mənbədən aldıqları soruşulub.

Ödənişsiz hüquqi xidmətlər almaq imkanları barədə məlumatları əsasən hansı mənbədən alırsınız?

 

Cavablardan aydın olur ki, respondentlərin təxminən 60%-i  və ya 95 nəfər bu qəbuldən olan informasiyaları insanların maarifləndirilməsi və hüquqlarının qorunması ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarından əldə edirlər.

Digər mühüm mənbələr kimi tanış hüquqşünaslar  (67 cavab), internet (65 cavab), məlumatlı yaxın və tanış insanlar (33 cavab), mətbuat (29 cavab) çıxış edib. Maraqlıdır ki, ödənişsiz hüquqi xidmətlərlə bağlı məlumat mənbəyi kimi həm vəkil büroları və sərbəst vəkillər (cəmi 9 cavab), həm məhkəmələr (cəmi 5 cavab), həm də  hüquq-mühafizə orqanları (cəmi 15 cavab) çox fəal deyil.

Sorğuda iştirak edən və ödənişsiz hüquqi xidmət almaq hüquqları barədə məlumatlı olan şəxslərdən 98 nəfəri və ya 57%-i bu xidmətlərdən istifadə etdiklərini qeyd ediblər.  Bununla bağlı növbəti sual isə ödənişsiz hüquqi xidmət hesabına hansı sahədə problemlərin həllinə cəhd göstərmələri ilə bağlı olub.

Ödənişsiz hüquqi xidmət sayəsində hansı sahə ilə bağlı probleminizi həll etməyə çalışmısınız?

 

Cavablardan aydın olur ki, ödənişsiz hüquqi xidmətlərə ən çox sosial təminat və məşğulluq sahəsində hüquqların təmin edilməsi üçün müraciət edilib – bununla bağlı 33 respondentin cavabında qeyd edilib.  Digər məsələlər mülkiyyət (20 cavab), kommunal və rabitə xidmələri (17 cavab), hüquq-mühafizə və məhkəmə instansiyalarına müraciətlər (17 cavab), səhiyyə xidmələri (12 cavab), təhsil xidmətləri (7 cavab), vergi problemləri (5 cavab) ilə bağlı olub.    

Bəs ödənişsiz hüquqi yardım xidmətlərdən istifadə insanlara öz problemlərinin həllində nə dərəcədə yardımçı olub? Bu qəbildən olan xidmətlərdən yararlandıqlarını bəyan edən respondentlərin (cəmi 98 nəfər) 35 (36%) nəfəri qeyd edib ki, əldə etdikləri nəticənin qənaətbəxş olduğunu bildirib. Öz növbəsində, 63 nəfər (64%) məqsədlərinə nail ola bilmədiklərini və nəticənin qeyri-qənaətbəxş olduğunu vurğulayıblar.    

 

Sorğunun əsas nəticələri və təkliflər

 

Əhalinin bölgələrdə hüquqi yardım, eləcə də ödənişsiz hüquqi xidmətlər almaq hüquqları barədə məlumatlılıq səviyyəsinin, bu qəbilədən olan xidmətlərə əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı ölkənin cənub regionu üzrə 3 rayonda keçirilən və 500 nəfər respondenti əhatə edən sorğunun əsas nəticələri kimi aşağıdakıları qeyd etmək olar: 

 

  • Bölgələrdə əhalinin hüquqi yardım almaqla bağlı qanuvericiliyin yaratdığı imkanları barədə məlumatlılıq səviyyəsi aşağıdır. Respondentlərin cəmi 23.6%-i bu barədə kifayət qədər məlumatlı olduqlarını qeyd ediblər;
  • Hüquqi yardım xidmətlərinə ehtiyac böyükdür. Respondentlərin 90%-ə qədəri ya müntəzəm, ya da arabir belə xidmətlərə ehtiyac yarandıqlarını bildirir;
  • Məlumatsızlıq, xidmətlərin əlçatan olmaması, yaxud müraciətlərin effektiv olacağına inamsızlıq kimi amillər insanları xidmətlərdən aktiv istifadəyə marağını azaldır. Belə ki, 450 nəfərə yaxın respondent hüquqi yardım xidmətlərinə ehtiyac duyduğunu bildirsə də, onlardan yalnız 172 nəfəri (38%) ən azı bir dəfə belə xidmətlər ücün müraciət etdiklərini xatırladıqlarını  qeyd ediblər.
  • Bölgələrdə insanlar ən çox mülkiyyət, əmək və sosial müdafiə hüququnun təmin edilməsilə bağlıdır;
  • İnsanların ən çox ehtiyac duyduğu hüquqi xidmət növü şifahi hüquqi məsləhətlər almaq və hüquqi sənədlər (şikayət, ərizə, iddia və s.) hazırlatmaq ilə bağlıdır;
  • Hüquq yardım üçün müraciət edənlərin çox az hissəsi – təxminən hər 3 nəfərindən biri sərbəst vəkillərin və ya hüquq məsləhətxanalarının xidmətindən yararlanır. Onlar əsasən hüquq-müdafiə təşkilatlarının və tanış hüquqşünasların xidmətindən bəhrələnirlər. Bu 2 mənbə bütün müraciət edənlərin 60%-nin hüquqi yardım və məsələhət ehtiyaclarını qarşılayır;   
  • İnsanların ən yaxşı halda üçdə biri aldıqları hüquqi yardım xidmələrinin keyfiyyətindən və nəticələrindən tam razı qaldıqlarını söyləyiblər. Onlar narazılıqlarını əsasən məsləhət aldıqları hüquçüların təcrübəsinin azlığı, sənədlərin yetərli səviyyədə tərtib edilməməsi və müraciətlərə gec reaksiya verilməsilə əlaqələndiriblər;
  • Vətəndaşların ərazilərindəki vəkillik xidməti ilə bağlı məlumat azdır.
  • Sorğu iştirakçılarının təxminən 60%-i ya ümumiyyətlə ərazidə vəkil bürosunun olmadığını, ya da onların bu barədə ümumiyyətlə məlumatları olmadıqlarını qeyd ediblər;
  • Hüquqi yardım üçün ehtiyacı olan, lakin vəkillərin xidmətindən bəhrələnməyənlər sayı çoxdur. Respondentlər bunu əsasən vəkil xidmətinin baha olması, vəkillərin fəaliyyətinin məhkəmələrdə təsirli olmamaları izah ediblər. Bu məlumatsızlıq özünü vəkillərin xidmətinin dəyəri ilə bağlı məlumatsızlıqda göstərib. Sorğu iştirakçılarının 85%-dən çoxu vəkillərin göstərdiyi ən müxtəlif  xidmətərin dəyəri barədə tam məlumatsız olduqlarını vurğulayıblar;
  • Sorğu iştirakçılarının cəmi 36%-i ödənişiz hüquqi xidmətlərlə bağlı məlumatlı olduqlarını bildiriblər. Onlar bu barədə məlumatları əsasən hüquq-müdafiə təşkilatları, müxtəlif internet səhifələrindən və tanış hüquqşünaslardan əldə etdiklərini söyləyiblər;
  • Bölgələrdə insanlar ödənişiz hüquqi xidmət imaknlarından əsasən sosial təminat və məşğulluq problemlərinin həlli, mülkiyyət hüquqlarının reallaşdırılması, kommunal və rabitə xidmətləri ilə təminatlarının yaxşılaşdırılması üçün istifadə edirlər;
  • Ödənişiz hüquqi xidmətlərdən istifadə edənlərin hər 10 nəfərindən 4 nəfəri bu xidmətlər vasitəsilə qənaətbəxş nəticəyə nail olduqlarını və problemlərinin həllinə nail olduqlarını bildiriblər. 

 

Qeyd olunan məqamları nəzərə alaraq bölgələrdə əhalinin hüquqi yardım xidmətlərinə əlçatanlığının artırılması üçün aşağıdakı addımlar atıla bilər:

 

  • Vətəndaşlar arasında hüquqi yardım xidmətləri, o cümlədən ödənişsiz hüquqi xidmətlərlə bağlı məlumatlandırma kampaniyaları aparılmalı, xüsusi ilə bu istiqamətdə internet resursları genişləndirilməlidir;
  • Dövlət hesabına göstərilən hüquqi yardımların dəqiq statisitkası aparılmalı, həmin yardımların bölgələr üzrə təhlili həyata keçirilməli, müntəzəm olaraq vətəndaşların belə xidmətlərdən məmnunluq səviyyəsi öyrənilməli, keyfiyyəti yüksəltmək üşün vətəndaşlardan və QHT-lərdən gələn təkliflər dəyərləndirilməlidir;
  • Hər il dövlət büdcəsindən pulsuz hüquqi yardımlar üçün ayrılan vəsaitin məbləği bölgələr üzrə açıqlanmalı, vətəndaşlar bu barədə məlumatlandırılmalıdır;
  • Dövlət hesabına pulsuz hüquqi xidmət almalı vətəndaşların əhatə dairəsi tam aydın olmalı, hər bir vətəndaş bu kateqoriyaya aidolub-olmadığını özü müəyyənləşdirə bilməlidirlər;
  • Bölgələrdə vətəndaş cəmiyyəti vasitəsilə hüquqi yardım göstərən ofislərin şəbəkəsi və həmin ofislərdə çalışmaq üçün peşəkar hüquqşünaslar hazırlayan təlim mərkəzləri dəstəklənməlidir;  
  • İnsan haqları üzrə Ombudsmanın vətəndaşların hüquqi xidmətlərlə bağlı məlumat sessiyaları intensivləşdirilməlidir;
  • Bölgələrdə insanların böyük ehtiyac duyduğu bəzi konkret sahələr (bank, vergi, əmək və məşğulluq  və s.) üzrə vəkillərin ixtisaslaşmasının stimullaşdırılması çox önəmlidir;
  • Pulsuz hüquqi yardımın göstərilməsilə bağlı qərar qəbulu səlahiyyəti vəkil bürolarında olmalıdır;
  • Ən azından mülki işlərə çıxmaq üçün nümayəndəlik institutunun bərpası imkanları nəzərdən keçirilə bilər;
  • Bölgələrdə vəkil bürolarının, habelə sərbəst vəkillərin sayının artırılması prosesi sürətləndirilməlidir;