NHMT - Neft Pulları çirkə çıxır

Neft Pulları çirkə çıxır

Azərbaycana son illər ərzində daxil olan milyardlarla dollarlıq məbləqlər ölkənin büdcəsi və Ümumdaxili məhsulunun sürətlə artmasına təkan verdi. Son iki il ərzində Azərbaycan Ümumdaxili məhsulun artması üzrə dünyada birinci yer tutur. Bu artımlar 2006-cı ildə təxminən 35, 2007-də isə 30,5 faiz təşkil etdi ki, bu, müasir dünya iqtisadiyyatı üçün inanılmaz bir sıçrayışdır. Elə onu demək kifayətdir ki, həmin illər dünyada bu göstəriciyə görə ikinci olan Ermənistanda artımın faizləri 11-12 idi. Əslində kənardan baxan bu rəqəmlərin nəticəsində ölkədə böyük bir iqtisadi artımın baş verdiyini zənn edə bilər. Lakin biz bilirik ki, bu artımın əsasını ölkədə neft hasilatının və dünyada qara qızıla olan qiymətlərinin sürətli artması təşkil edir. Dövlət statistikası bu illər ərzində Azərbaycanda iqtisadi artımın 6-7 faiz təşkil etdiyini bildirir ki, iqtisadçıların fikrincə bu artımın mühüm hissəsi istehsal olunan məhsulların qiymətinin artımı hesabına yarandı. Yəni real olaraq, Azərbaycanın dünyaya nümayiş etdirdiyi təsiredici rəqəmlərin arxasında heç nə durmayıb. Sadəcə olaraq, Allah sahillərində yaşadığımız dənizin altında bir sərvət yerləşdirib və son illər dünyada baş verən proseslər bu sərvətin bir çəlləyinə olan qiymətləri o qədər artırıb ki, biz həmin sərvətin bir hissəsini və tam hasilatını ingilislərə tapşıraraq, indi dövlətə gələn milyardları hesablamaqla məşğuluq. Vəssalam. Biz hesabladığımızı hesablayırıq, hökümətimiz isə artıq bu pulların xərcləmnəsinə başlayıb. Əslində bütün dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkəyə, xüsusən də iqtisadiyyatı demək olar ki, sıfır dərəcəsində olan bir dövlətə böyük pulların daxil olması onun iqtisadiyyatı üçün böyük təhlükədir. Belə ki, dövlət xalqın ehtiyaclarını ödəmək üçün gələn pulları dövriyyəyə buraxmalı olur, yəni maaşları və pensiyaları artırır. Nəticədə ölkədə pul kütləsi artır, bu artım isə heç bir istehsalla dəstəklənmir. Bazarda pulun çox, malın isə olmasının nə olduğunu başa düşmək üçün köhnə bir lətifəni xatırlamaq kifayət edər. Haşiyəyə çıxaq. İki nəfər insan səhrada azıb, gedirmişlər. Birdən onların qarşısına bir sandıq çıxdı. Onu açanda gördülər ki, içində bir kanistr su və bir kisə qızıl var. Onlardan biri dərhal kisəni qapdı, digəri isə kanistri götürdü. Yollarını davam etdirdilər və birazdan suzudular. Qızıl sahibi o birinə dedi: “Qardaş, gəl bir bazar təşkil edək və sən mənə suyundan biraz sat”. Digəri razılaşdı. Belə ki, hər ikisi mallarını qoydular qabaqlarına və qızıl sahibi soruşdu: “Yaxşı, bir stəkan suyu neçəyə verərsən?” Digəri “bir kisə qızıla”, deyərək, cavab verdi. Qızıl sahibinin gözləri kəlləsinə çıxdı: “A kişi, sən nə danışırsan, suyun da qiyməti belə olar heç?” Digəri isə “xoşun gəlmir, bazarı gəz, bəlkə daha ucuz tapdın”, deyə, gülümsədi. Hazırda bizim iqtisadiyyatda da belə vəziyyət yaranıb. Hökümət insanların əməkhaqqlarını artırmaqla istehsalı artırmadı və bunun nəticəsində malların da qiyməti artdı ki, ötən il inflyasiya, müstəqil hesablamalara görə, 26 faiz təşkil etdi. Çünki satıcılar dövriyyədə pulların artmasını görüb, öz məhsullarının da qiymətini artırırlar. Axı onsuz da alınır. Nəticədə isə yerli istehsalçılar ailələrini dolandırmaq üçün qiymətləri artırmağa məcbur olur. Misal üçün çörək bişirən deyir ki, “qardaş bunun qiymətini 30 qəpiq etməsəm, axı mən də işdən çıxıb balalarıma ət, yağ və yaxud arvadıma kürk almalıyam. Bütün bunların isə qiyməti artıb”. Yekun olaraq, yerli malların dəyəri o qədər artır ki, onlar xaricdən gətirilən analoqlarından xeyli baha olur (elə həmən Çinə Allah neft yox, milyard yarım insan, total işgüzarlıq və iqtisadiyyatını inkişaf etdirmək istəyən dövlət rəhbərliyi bəxş edib ki, bunun nəticəsində orada istehsal olunan mal bizim pulla qəpiq-quruşa başa gəlir). Xalq məhz həmən xarici malları alır və yerli istehsalçı buraxdığı malın satılmadığını görərək, müəssisəsini bağlayıb, işçilərinə “gedin başınıza çarə qılın” deməyə məcbur olur. Və ölkə narkoman heroindən olduğu kimi, xarici malların idxalından asılı vəziyyətə düşür. Ölkəyə neft pulları axdıqca bu vəziyyət o qədər də nəzərə çarpmır, çünki bu pullar hesabına xarici malları almaq olur. Pullar qurtaranda isə... Vay o ölkənin halına! İqtisad elmində bu vayı “holland sindromu” adlandırırlar. Yəni daxildə heçnə istehsal olmadığından biz kolbasamızı, o kolbasanı saxlamaq üçün soyuducularımızı, o soyuducunu toka qoşmaq üçün elektrik avadanlığını, həmin avadanlığı evimizdə gözədəyməz etmək üçün tikinti materiallarını, həmin materialları gətirmək üçün avtomobilləri və həmin avtomobilləri rahat sürmək üçün hətta geydiyimiz tuman və corablarıımızı belə xaricdən almalı oluruq. Xarici istehsalçılar isə bütün bunları bizə dollarlar (avrolar, funtlar, yenalar və digər yuanlar) əvəzinə verirlər. Hələlik, neftimiz satıldıqca bizdə bu pullar var. Lakin cəmi iki ildən sonra neft hasilatının azalmağa başlayacağı bildirilir və iqtisadçılar 10-15 ildən sonra bu hasilatın ölkənin həyatında ümumiyyətlə böyük rol oynamayacağını deyirlər. Elə bu səbəbdən beynəlxalq maliyyə və iqtisadi qurumlar, habelə bir çox yerli iqtisadçılar ölkəyə gələn və gələcək neft pullarının ağılla istifadə edilməsinə çağırırlar. Yəni bu pulları dövriyyəyə buraxmamaq, hər hansı bir fondda saxlamaq və iqtisadiyyatla infrastrukturun inkişafı üçün sərf etmək. Bəs bizdə necədir? Bu il dövlət büdcəsinin təxminən 60 faizi neft gəlirləri hesabına formalaşıb. Yəni, neftimiz olmasaydı hazırki büdcəmiz 12 milyard deyil, 5 milyard dollar təşkil edəcəydi. Kimsə deyə bilər ki, “nə olar, pul var, hökümət də onu buraxır təqaüdlərlə maaşların artması və digər xeyirxax işlərə”. Amma bu artılmlarla digər xeyirxax işlər nəticəsində ötən il inflyasiya İqtisadi Təhqiqatlar Mərkəzinin hesablamalarına görə 26 faiz təşkil etdi ki, bu, heç də normal rəqəm deyil. Xüsusən də sabit adlandırılan iqtisadiyyat üçün. Özü də yaddan çıxarmaq lazım deyil ki, bir neçə ilə neftimiz də olmayacaq. Düzdür Azərbaycanın yaxın 10-15 ilə neftin satışından 250 milyard dollaradək əldə edəcəyi proqnozlaşdırılır. Amma bu illər ərzində büdcənin hətta artmayıb indiki səviyyədə qaldığı halda bu pulları biz (biz?) 20-30 ilə xərcləyəcəyik. Nə etməli? Hökümət deyir ki, bu pulların bir qismi infrastruktur layihələrə xərclənir, digər hissəsi isə neft fondunda cəmləşir. Amma əslində biz görürük ki, bir çox pullar da dövlət büdcəsinə köçürülərək, xərclənir. Elə həmin artımlara və digər işlərə ki, məhz onlar ölkədə inflyasiyaya səbəb olur. Axı bütün bunlardan nə fayda? Düzdür, infrastruktur layihələrinə işçi qüvvəsi cəlb olunur ki, minlərlə insan bunun nəticəsində aylıq maaş əldə edir. Lakin bütün bunların ömrü çox qısadır. Bu körpülərin sayı sonsuz deyil axı. Kimsə deyə bilər ki, onlar həmçinin yollar tikir ki, həmin yollar üç aydan sonra dağılır və yenidən tikilməyə başlayır. Lakin bu daha çox iqtisadi deyil, kriminal məsələdir və əslində bu barədə danışmaq adi yazarın deyil, prokurorun işidir. Hökümət həmçinin neft pullarının iqtisadiyyatın dirçəlişinə, yəni sahibkarlığa yardım fonduna da ayrıldığını deyir və bununla öz işinin bitdiyini hesab edir. Lakin bu fonda ötən il cəmi 80 milyon manata yaxın vəsait ayrılmışdı ki, bu pula da ölkə iqtisadiyyatının necə dirçəlməsi böyük bir müəmma yaradır. Özü də həmin fond yalnız fəaliyyətdə olan şirkətlərə pul ayırır. Yəni kimsə gəlib desə ki, “ay hökümət, mənim gözəl bir ideyam və bacarığım var, bir istehsal açmaq istəyirəm, lakin bank məndən illik 26 faiz istəyir ki, mən də bu istehsalı işə salana qədər gəlirim olmadığına onu verə bilməyəcəyəm. Ay hökümət, bəlkə sən mənə bu pulu verəsən, mən də bir istehsal yaradaraq, yüzlərlə insanlara iş və çörək, sənə də gələcəkdə vergi verəcəyəm” desə, hökümət ona “xoş getdin”lə yola salacaq. Ən yaxşı halda. Bütün iqtisadçılar, hətta Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri bu yolun düzgün olmadığını deyirlər. Lakin nədənsə əsl yolun nədən ibarət olduğunu da demirlər. Ba da anlaşıqlıdır, çünki son 50 ildə həmin qurumlarla əməkdaşlıq edən bütün ölkələr, hətta Braziliya və Argentina kimi iqtisadi nəhənglərin iqtisadiyyatları iflasa uğradı. Axı nəyə görə xarici iqtisadçı Azərbaycan və ya digər birinin iqtisadiyyatının inkişaf edib, onun öz ölkəsinin iqtisadiyyatı üçün təhlükə törətməsini istəsin? Kasıbı idarə etmək, cilovda saxlamaq daha asandır. Ona görə, Azərbaycan öz çarəsini özü qılmalıdır. Və sözün düzü bu çarə elə lap göz qabağındadır. Dövlətin pulu var. Axı onda nəyə görə bu pulların bir hissəsi ölkədə müxtəlif istehsal müəssisələrin tikintisinə buraxılmasın. Kimsə deyə bilər ki, belə olan bir halda bu, sosialist iqtisadi sisteminə qayıdış olacaq. Amma buradan da çıxış yolu var. Belə ki, dövlət bu müəssisəni tikib, avadanlıqlarla təmin edəndən sonra, onu səhmləşdirib, həmin səhmləri açıq satışa buraxa bilər. Ölkədə bir çox ailələrdə heç nəyə sərf olunmayan pullar var. Mən hələ gizli milyonçular və milyarderlər barədə demirəm. Bu insanlar bilsə ki, səhmləri alıb, mal istehsal edən və gəlir gətirən bir müəssisənin sahiblərindən biri olacaqlar, mütləq bunu edəcəklər. Yəni hökümət həmin müəssisənin tikintisinə sərf etdiyi pulları qaytaracaq. İstəsə, lap artıqlaması ilə! Bundan əlavə, həmin müəssisədə işləyən adamlar və elə müəssisənin özü dövlətə vergi verəcəklər ki, bu da inkişafa səbəb olacaq. Bundan əlavə, həmin müəssisənin istehsal edəcəyi mal ölkəyə idxal edilməyəcək, yəni neft milyonları xaricə getməyəyərək, daxili iqtisadiyyatda (bazarda yox!) dövriyyə edərək, yeni müəssisələr və iş yerlərinin açılmasına səbəb olacaq. Bundan əlavə, ölkədə səhm bazarı və ona aid olan strukturlar inkişaf edəcək. Bundan əlavə idxalda oturan inhisarçılar artıq gətirdikləri mallara istədikləri qiyməti qoya bilməzlər. Bundan əlavə ölkədə azad orta sahibkarlar sinfi yaranacaq... Stop! Axı azad sahibkarın düşüncəsi də azad olur və o, iqtisadi, sonra isə hətta siyasi azadlıqlar istəyəcək... Deyəsən mən bu inhisarçılar və azadlıqlarla lap ağını çıxarmışam. Axı buna kim icazə verər? Əli F. Ağa