NHMT - 2008-in büdcəsindən 2.8 milyard hara gedəcək?

2008-in büdcəsindən 2.8 milyard hara gedəcək?

243 milyonluq modul stansiya, 129 milyonluq körpü və daha nələr... Azərbaycanın dövlət büdcəsi artdıqca onun tərkibində "Dövlət əsaslı investisiya qoyuluşu" bölməsinə ayrılan vəsaitin həcmi də artır. Əgər ötən il dövlət büdcəsi 6.3 milyard manat, "investisiya qoyuluşu" xərcləri isə 1.9 milyard manat idisə, bu il 8.5 milyard manatlıq büdcənin 2.8 milyard manatı həmin bölmənin payına düşür. Bəs bu il büdcənin 33 faizini təşkil edən "investisiya xərcləri" hansı layihələr üçün nəzərdə tutulub? Gəlin, əvvəlcə "investisiya xərcləri"nin dövlət strukturları arasında necə bölüşdürüldüyünə nəzər salaq. "Əsaslı investisiya qoyuluşu" üzrə büdcə vəsaiti Nazirlər Kabinetinin sərəncamı ilə bölüşdürülür. Bu ilki bölgüyə dair sərəncama əsasən ən böyük pay Nəqliyyat Nazirliyinə düşür - 542 milyon manat. Nazirlik bu vəsait hesabına Bakıda və ölkənin müxtəlif inzibati ərazi vahidlərində 49 layihə həyata keçirməlidir. Bu layihələrin hər biri üçün isə kifayət qədər iri məbləğlər nəzərdə tutulub. Onlardan təkcə üçünü qeyd etməklə mənzərəni canlandırmağa çalışaq: - "Əzizbəyov" metrostansiyası dairəsində körpünün tikintisinə 77.6 milyon manat; - "Ramstor" mağazası yaxınlığındakı körpünün tikintisinə 51.3 milyon manat; - "Əzizbəyov" metrostansiyası dairəsindən aeroporta gedən 14 km.-lik avtomobil yolunun tikintisinə 100 milyon manat xərclənməlidir. "İnvestisiya xərcləri"nin iri payçıları "İnvestisiya xərcləri"ndə iri payı olan sonrakı dövlət strukturları isə bunlardır: * "Azərenerji" SC - 283.1 milyon manat; * Təhsil Nazirliyi - 196 milyon manat; * Prezident Aparatının İşlər İdarəsi - 127 milyon manat; * Mədəniyyət və Turizm Nazirliyi - 111.150 milyon manat; * "Azərsu" SC - 110 milyon manat; * Gənclər və İdman Nazirliyi - 104 milyon manat; * İqtisadi İnkişaf Nazirliyi - 98 milyon manat; * Səhiyyə Nazirliyi - 94.5 milyon manat; * Bakı Metropoliteni İdarəsi - 80.5 milyon manat; * Meliorasiya və Su Təsərrüfatı SC - 80 milyon manat; * Dövlət Əmlak Komitəsi - 77.729 milyon manat; * "Bakıelektrikşəbəkə" SC - 70 milyon manat; * Fövqəladə Hallar Nazirliyi - 58.7 milyon manat; * Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 45 milyon manat; * "Azəriqaz" SC - 44.5 milyon manat; * Ədliyyə Nazirliyi - 40 milyon manat; * Milli Təhlükəsizlik Nazirliyi - 40 milyon manat; * Bakı Şəhər İcra Hakimiyyəti - 40 milyon manat; * Onkoloji Elmi Mərkəz - 29.5 milyon manat; * Azərbaycan prezidenti yanında Tibb Xidməti - 28.4 milyon manat; * "Azal" Dövlət Konserni - 28.2 milyon manat; * Dövlət Xəzər Gəmiçiliyi - 27.7 milyon manat; * Xüsusi Dövlət Mühafizə Xidməti - 25.916 milyon manat; * Xarici İşlər Nazirliyi - 22.73 milyon manat; * Müdafiə Nazirliyi - 22 milyon manat; * Dövlət Sərhəd Xidməti - 21.75 milyon manat; * Ali Məhkəmə - 20 milyon manat; * Müdafiə Sənayesi Nazirliyi - 20 milyon manat və s... 20 milyon manatdan aşağı vəsait alası dövlət strukturlarını qeyd etməyə lüzum görmədik, çünki əks halda çox böyük siyahı alınar. *** Bəs, bu dövlət strukturları onlara ayrılmış vəsaitləri hansı işlərə xərcləməlidirlər? Hazirlər Kabinetinin təsdiqlədiyi bölgü üzrə sualın cavabını tapmağa çalışaq. "Azərenerji" aldığı vəsaitlə Səngəçal və Naxçıvanda modul tipli elektrik stansiyalarını, "Şəmkir" yarımstansiyasını, eləcə də Bakıda bir yarımstansiyanın ləğv edib və bir yenisini tikməlidir. Bunların içərisində ən çox vəsait Səngəçaldakı modul tipli elektrik stansiyasının (300 MVt gücündə) tikintisinə ayrılıb - 242.8 milyon manat. Təhsil Nazirliyi aldığı 196 milyon manatla respublikanın demək olar ki, bütün ərazisində orta məktəb, uşaq bağçası və internat məktəblərin tikintisi, təmiri və müxtəlif ehtiyaclarının ödənməsi üzrə layihələri həyata keçirməlidir. Saray təmiri nə bahalı iş imiş? Mədəniyyət və Turizm Nazirliyi isə ona ayrılan 111 milyon manatdan çox vəsait hesabına şəhər və rayonlarda 38 layihə icra etməlidir. Bu layihələrdən an bahalısı isə Heydər Əliyev adına Sarayda təmir-yenidənqurma işləridir - 39.6 milyon manat. "Azərsu" SC ilə Meliorasiya və Su Təsərrüfatı SC üçün nəzərdə tutulan vəsaitlər demək olar ki, bütün respublika ərazisində su təsərüfatına aid işlərin görülməsinə yönəlməlidir. Gənclər və İdman Nazirliyi isə sərəncamındakı 104 milyon manatla əsasən ölkənin müxtəlif rayon və şəhərlərində Olimpia İdman Komplekslərinin və stadionların tikintisini, təmir-bərpasını həyata keçirməlidir. Hazirliyin həyata keçirməli olduğu nisbətən iri vəsaitli işlər isə bunlardır: - Bakıda "Səadət" Sarayının bərpası - 12.4 milyon manat; - Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzinin və mərkəzi stadionun yenidən qurulması - 16.6 milyon manat. 62 milyona "Zibil zavodu" İqtisadi İnkişaf Nazirliyinə ayrılmış 98 milyon manatın 12 milyonu mərkəzi və regional inzibati binaların tikintisi və yenidən qurulmasına, 62.6 milyon manatı Zibil emalı zavodunun tikintisinə xərclənməlidir. Yerdə qalan 23.4 milyon manat isə digər beş layihəyə yönələcək. Səhiyyə Nazirliyinin 94.5 milyon manata görməli olduğu işlər əsasən müxtəlif şəhər və rayonlarda səhiyyə ocaqlarının tikintisi, təmiri və avadanlıqlarla təchiz olunmasını əhatə edir ki, bu layihələrin də ümumi sayı 36-dır. Bakı Metropoliteni İdarəsinə ayrılmış 80.5 milyon manatın isə 20.5 milyon manatı vaqon və avadanlıqların alınmasına, 50 milyonu metropolitenin 4.12 km.-lik şimal sahəsinə, 4 milyonu "28 May" stansiyasının, 6 milyonu da "Bakı Soveti" stansiyasının yerüstü vestibülünün dəyişdirilməsinə xərclənməlidir. Heydər Əliyev Mərkəzi daha 70 milyon "tələb edir" Dövlət Əmlak Komitəsi aldığı 77.729 milyon manata cəmisi 6 layihə həyata keçirməlidir. Ümumi vəsaitin 90 faizi - 70 milyon manatı isə Heydər Əliyev Mərkəzinin tikintisinə yönəlməlidir. Yeri gəlmişkən, Heydər Əliyev Mərkəzinin tikintisinə ötən ilin büdcəsindən də 20 milyon manat ayrılmışdı. "Bakıelektrikşəbəkə"yə ayrılan 70 milyon manat isə SC-də yenidənqurma işləri aparmaq məqsədilə nizamnamə kapitalının artırılması üçündür. İnzibati bina təmiri və təcridxana pulları Fövqəladə Hallar Nazirliyi 58.7 milyon manatın 38.7 milyon manatını nazirlik üçün inzibati bina tikməyə və tabeçiliyində olan müxtəlif obyektlərin tikintisi, təmiri, yenidənqurulması işlərinə, 20 milyon manatını da nəqliyyat vasitələri və avadanlıqların alınmasına xərcləməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitin 10 milyon manatından artığı nazirliyin mərkəzi aparatının inzibati binasında yenidənqurma işlərinə və avadanlıqların alınmasına, qalanı isə müxtəlif şəhər və rayonlarda sosial müdafiə mərkəzlərinin, əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi və s.-dən ibarət 73 layihənin icrasına yönəlməlidir. Ədliyyə Nazirliyinə ayrılan 40 milyon manatın da 1 milyonu nazirliyin inzibati binasında yenidənqurma işlərinə və yeni korpusun tikintisinə xərclənməlidir. Maraq üçün deyək ki, bu pulun 17 milyonu Bakının Zabrat qəsəbəsində istintaq təcridxanasının tikinitisinə yönəlməlidir. Prezident Aparatının və Milli Məclisin işlər idarələri, Milli Təhlükəsizlik, Müdafiə, Müdafiə Sənayesi və Daxili İşlər nazirlikləri, eləcə də Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti sərəncamlarına verilən vəsaitin hamısını, Maliyyə Nazirliyi isə 87 faizini onlara məxsus obyektlərdə təmir, tikinti və yenidənqurma işlərinə xərcləməlidir. Dövlət Xəzər Gəmiçiliyi 27.7 milyon manata gəmi bərə alacaq, Ali Məhkəmə 20 milyon, MSK isə 10 milyon manatı yeni binalarının tikintisini davam etdirməyə yönəldəcək, Onkoloji Elmi Mərkəz 29.5 milyonun 74.5%-ni Mərkəzə və Uşaq onkologiyası şöbəsinə yeni korpuslar tikməyə xərcləyəcək və s. *** Sonda isə daha bir maraqlı qeyd: BŞİH-ə verilən 40 milyon manatın 65%-i Bakıda tarixi əhəmiyyətli binaların təmiri, bərpası və fasadların təmizlənib işıqlandırılması (15 milyon manat) və fəvvarələrin tikinitsi (11 milyon manat) üçündür. 2008-ci ilin büdcəsindən 2.8 milyard manat bax, belə-belə işlərə xərclənəcək. Pulunuzun qədrini bilin, cənablar...