NHMT - Daşa-divara xərclənən milyonlar

Daşa-divara xərclənən milyonlar

Dövlət orqanlarına məxsus inzibati binaların təmir-tikintisi üçün büdcədən nə qədər pul ayrılır? Azərbaycanın dövlət büdcəsi artdıqca büdcədən "investisiya layihələri" çərçivəsində təmir-tikinti işlərinə ayrılan vəsaitin həcmi də artır. Əgər 2006-cı ildə təxminən 3.6 milyard manatlıq dövlət büdcəsindən investisiya xərclərinə 611 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu göstərici 6.3 milyard manata qarşı 1.9 milyard manat olub. 8.5 milyard manata bərabər olan bu ilki büdcəmizdən isə dövlət investisiya xərclərinə 2.8 milyard manat ayrılıb. Bütövlükdə "investisiya layihələri" çərçivəsində ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə xərcləndiyi başqa bir yazının mövzusudur. Bu yazımızda isə büdcədən dövlət strukturlarının yerləşdiyi inzibati binaların təmiri, yenidən qurulması və inşası üçün ayrılan vəsitlərdən bəhs edəcəyik. *** İnzibati binaların təmir-tikintisinə 2008-ci ilin büdcəsinə daxil olan 2.8 milyard manatlıq investisiya xərclərindən nə qədər pay arlıdğı hələlik bəlli deyil. Bununla bağlı Hazirlər Kabinetinin aparmalı olduğu bölgü barədə hələ ki hər hansı məlumat yoxdur. Bu üzdən də yazımızı 2007 və ondan əvvəlki ilin göstəriciləri üzərində qurmağa məcburuq. 330 milyonluq təmir-tikinti işləri 2007-ci ilin büdcəsindən inzibati binaların təmir-tikintisinə ümumən 326 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin əhəmiyytli payına sahib olan dövlət strukturları isə Prezident Aparatının, Milli Məclisin və Hazirlər Kabinetinin işlər idarələri, Ali Məhkəmə, Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar, Müdafiə Sənayesi, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Dövlət Mühafizə Xidməti, Mərkəzi Seçki Komissiyası və bəzi başqalarıdır. Bu strukturların hər birinə ayrılan "təmir-tikinti xərcləri" 4 milyon manatdan yuxarıdır. Bunların içərisində isə sonrakı 8 dövlət strukturunun birlikdə aldığı vəsait ümumi məbləğin 80 faizinə çatır: * Prezident Aparatının İşlər İdarəsi - 97.9 milyon manat; * Fövqəladə Hallar Hazirliyi - 40 milyon manat; * Milli Təhlükəsizlik Hazirliyi - 37 milyon manat; * Müdafiə Sənayesi Hazirliyi - 25 milyon manat; * Dövlət Sərhəd Xidməti - 22 milyon manat; * Milli Məclisin İşlər İdarəsi - 14.06 milyon manat; * Ali Məhkəmə - 14 milyon manat; * Baş Dövlət Mühafizə Xidməti - 10.8 milyon manat. *** 2007-ci ilin büdcəsindən hansı dövlət strukturuna inzibati binalarının təmiri, yenidən qurulması və ya tikilməsi üçün nə qədər vəsait ayrıldığı təqdim etdiyimiz birinci cədvəldə göstərilir. İnzibati binalar bir ildə nə qədər köhnələ bilər? Maraqlıdır ki, sərəncamlarındakı inzibati binalarda təmir-bərpa işləri üçün 2007-ci ilin büdcəsindən belə yüksək məbləğdə vəsait alan dövlət strukturlarının demək olar, hamısına ondan əvvəl - 2006-cı ildə də eyni məqsədlər naminə iri "investisiya xərcləri" ayrılıb. Belə ki, 2006-cı ildə göstərlilən məqsədlə ayrılmış vəsait 52 milyon manat təşkil edib. Bu vəsait əsas etibarilə yenə də Prezident Aparatının, Milli Məclisin və Hazirlər Kabinetinin işlər idarələri, Ali Məhkəmə, Baş Prokurorluq, Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti və Baş Dövlət Mühafizə Xidməti arasında bölüşdürülüb. 2006-cı ildə ona məxsus obyektlərdə təmir-tikinti işləri üçün Prezident Aparatının İşlər İdarəsinə 10 milyon, Milli Məclisin İşlər İdarəsinə 2.4 milyon, Hazirlər Kabinetinin İşlər İdarəsinə 3.6 milyon, Baş Prokurorluğa 2 milyon, MTH-ə 2.7 milyon, DİH-ə 2.3 milyon, FHH-ə 1 milyon, İİH-ə 3 milyon, Dövlət Sərhəd Xidmətinə 4.6 milyon, Baş Dövlət Mühafizə Xidmətinə 3.6 milyon manat; yeni inzibati binanın tikintisi üçün Ali Məhkəməyə 3 milyon manat və s. ayrılıb. Beləliklə, sərəncamlarındakı binaların təmiri, yenidən qurulması və ya tikilməsi üçün 2006 və 2007-ci illər ərzində ard-arda * Prezident Aparatı 107.9 milyon manat; * Milli Məclis 16.46 milyon manat; * Hazirlər Kabineti 9.2 milyon manat; * Baş Prokurorluq 4 milyon manat; * Ali Məhkəmə 17 milyon manat; * MTH 39.7 milyon manat; * DİH 9.3 milyon manat; * FHH 41 milyon manat; * Ədliyyə Hazirliyi 4 milyon manat; * İİH 7.3 milyon manat; * XİH 9.8 milyon manat; * Dövlət Sərhəd Xidməti 26.6 milyon manat; * Baş Dövlət Mühafizə Xidməti 15.4 milyon manat və s. alıb. "Təmir pulları" üzərində ictimai nəzarət çatışmır Göründüyü kimi, dövlət orqanları təkcə onlara məxsus inzibati binalara xərcləmək üçün büdcədən kifayət qədər iri məbləğdə vəsait alır. Amma şəffaflığın və hesabatlılığın çatışmazlığı üzündən bir sıra başqa hallarda olduğu kimi, bu sahədə də alınan vəsaitlərin xərclənmə prosesi ictimai nəzarətdən kənarda qalır. Məsələn, bilinmir ki, müvafiq dövlət orqanına məxsus inzibati binalarda görülən işlər üçün tələb olunan vəsaitlə büdcədən ayrılan vəsaitin həcmi arasında nə dərəcədə uyğunluq var. Hər halda cəmiyyətin hazırda kütləvi xarakter almış inzibati binaların təmir-tikintisinə reallıqda tələb olunduğundan artıq vəsait ayrıldığına şübhə etmək haqqı var, bu şübhələri aradan qaldırmaq üçünsə dövlət orqanlarından şəffaflıq və hesabatlılıq tələb olunur. İndiki halda isə büdcədə nəzərdə tutulan investisiya xərclərinin ümumi bölgüsünü belə, bunu aparan Hazirlər Kabineti məxfi sənəd kimi qoruyub saxlayır. Halbu ki HK bu sənədi özünün internet saytında yerləşdirməklə şəffaflığa kömək etmiş olar. Bir mərtəbəni neçəyə təmir etmək olar? Əlbəttə, ayrılmış vəsaitlərin görülən işlərin dəyərinə uyğun olub-olmadığını yoxlamaq üçün xüsusi audit tələb olunur və bunu müəyyənləşdirmək bizim imkanımız xaricindədir. Amma bəzi kobud hesablamalarla belə, inzibati binaların təmir-tikintisinə necə reallıqdan yuxarı vəsaitlərin ayrıldığını göstərmək olar. Məsələn, Milli Məclis üçün 10 mərtəbəli yeni korpusun tikintisi üçün 8.7 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, hökumət bir mərtəbəli tikili üçün 870 min manatın tələb olunduğu qənaətindədir - hələ 2008-ci ilin büdəsindən bu məqsədlə əlavə vəsait ayrılmasa. Yaxud, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin Bakının H.Əliyev prospektində yerləşən 16 mərtəbəli binasında təmir işləri üçün 1.61 milyon manat ayrılıb ki, bu da hər mərtəbənin təmirinə 100 min manatdan artıq vəsaitin nəzərdə tutulması deməkdir. Və ya Ali Məhkəmə üçün yeni inzibati binanın tikintisini götürək - 5 mərtəbədən ibarət olacaq bu tikiliyə son iki ildə 17 milyon manat ayrılıb və bunun son rəqəm olduğu da hələ şübhə altındadır. Bu cür hesablamaların nə dərəcədə israfçılıqla və ya qənaətlə aparlıdğına isə peşəkar auditorların cavab verməsi daha yaxşı olardı. Hansı daha vacibdir - binaların yaraşığı, yoxsa istehsalın güclənməsi? Məsələnin maraqlı tərəflərindən biri də büdcə vəsaitlərini investisiya xərclərinə yönəldərkən səmərəlilik prinsipinin nə dərəcədə gözlənilməsidir. Aydındır ki, istər prezident, istər parlament sədri və deputatlar, istərsə də baş nazir və başqa hökumət üzvləri hər il təmirdən çıxmış, yoxsa təmiri bir az köhnəlmiş binalarda oturur, bunun hər hansı sosial-iqtisadi əhəmiyyəti yoxdur. Bu halda əgər, 1.9 milyard manatlıq investisiya xərcinin (2007-ci ilin göstəricisi) təxminən 17%-ni (326 milyon manat) bilavasitə dövlət strukturlarına məxsus inzibati binaların təmirinə yönəldilirsə deməli, hökumətin mənasız israfçılığa yol verdiyini iddia etməyə daha çox əsas var. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə istehsal sahələrinə yönəldilən investisiyalar ümumi investisiya xərclərinin 6.8%-ni (130.2 milyon manat) təşkil edib ki, bunun da * 2 milyon manatı Gəncə Avtomobil Zavoduna; * 74 milyon manatı Sahibkarlığa Yardım Milli Fonduna; * 37.5 milyon manatı "Aqrolizinq" ASC-yə; * 16.7 milyon manatı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılıb. Müqayisələr şübhələrə yol açır Bəzi başqa müqayisələr də şübhələnməyə əsas verir ki, dövlət strukturlarına məxsus inzibati binaların təmir-tikintisinə ayrılan xərclər bu sahədəki manipulyasiya imkanlarına görə böyük olur. Yox əgər belə deyilsə, deməli, hökumət üçün inzibati binaların yaraşığı sosial-iqtisadi əhəmiyyətli başqa sahələrdən, o cümlədən mədəniyyət və incəsənət, səhiyyə, elm və təhsil, kənd təsərrüfatından daha önəmlidir. Məsələn, 2007-ci ilin dövlət büdcəsindən mədəniyyət və incəsənət sahəsində fəaliyyətə 51 milyon, bədən tərbiyəsi, gənclər siyasəti və turizmə 13.7 milyon manat (birlikdə 64.7 milyon manat) ayrıldığı halda təkcə Prezident Aparatına 97.9 milyon manat ayrılıb. Və ya 2007-ci ilin büdcəsindən, əvvəldə qeyd etdiyimiz kimi, inzibati binaların təmir-tikintisinə 326 milyon manatdan artıq vəsait, ümumilikdə səhiyyə sektoruna isə 278.7 milyon manat ayrılıb. Yaxud başqa bir müqayisə - ötən il dövlət investisiya xərcləri çərçivəsində Təhsil Hazirliyinə bütün respublika boyu yeni təhsil müəssisələri tikmək və köhnələri təmir etmək üçün 89.1 milyon manat ayrılıb. Təkcə Prezident Aparatına ayrılan "təmir-tikinti xərci" isə 98 milyon manata çatıb. Eləcə də ötən ilin investisiya xərclərindən kənd təsərrüfatı sahəsinə 1.5 milyon, ekoloji tədbirlərə 2 milyon, elmə 6 milyon manat ayrılıb ki, bunların da inzibati binaların təmir-tikintisi üçün ayrılan vəsaitlərin yanında nə qədər kiçik olduğunu özünüz müqayisə edə bilərsiniz. *** Beləliklə, maraqlı mənzərə ilə üz-üzə qalırıq - hökumət dövlət sturkturlarına məxsus inzibati binaların təmiri, yenidən qurulması və ya tikintisinə ildən-ilə daha çox vəsait ayırır. Görəsən, bu ilki büdcədə nəzərdə tutulan 2.8 milyard manatlıq investisiya xərclərinin nə qədəri inzibati binalara sərf olunacaq? Cavab üçün Hazirlər Kabinetinin müvafiq bölgüsünü gözləmək lazımdır.